Lənkəran Dövlət Universiteti nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin Təsviri incəsənət müəllimliyi ixtisasının II kurs tələbələri üçün dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilən onlayn açıq dərs keçirilib.

 

Əvvəlcə çıxış edən kollecin direktoru, dosent Ruslan Həmidov bildirib ki, Ümummilli lider Heydər Əliyev Nizami Gəncəvi irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hələ zamanında çox böyük işlər görüb və bu ənənə bu gün də davam etdirilməkdədir.

 

“880 illiyini qeyd etdiyimiz dahi Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli sərvətimizdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Dahi mütəfəkkirin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir”-deyən kollec direktoru dövrünün bütün elm sahələrindən mükəmməl şəkildə xəbərdar olan şairin nəinki Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında müstəsna yer tutduğunu qeyd edib.

 

Daha sonra fənn müəllimi Nuranə Əskərova bildirib ki, böyük şair öz əsərləri ilə oxucularını əxlaqı cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir. İnsanı dünyanın əşrəfi kimi ucaldaraq onun kamilləşməsini, geniş dünyagörüşə malik olmasını arzulayır:”Nizami öz şəxsiyyəti və yaradıcılığı, eləcə də əsərlərindəki heyrətamiz qəhrəmanlarının nümunəsi ilə bir tərbiyə məktəbidir”.

 

Açıq dərsdə şöbə müdirlərindən İlahə Əyyubova, Gülayə Talışxanova, Dəyanət Əskərov, Fənn Birləşmə Komissiyanın sədri Ülkər Bəşirova və kollecin digər müəllimləri iştirak ediblər.