Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri beynəlxalq onlayn müsabiqələrdə uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.

 

Belə ki, cari ilin fevral-aprel aylarında Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan uşaq və gənclərin "Истоки" ("Mənbələr") Rus Mədəniyyəti III Beynəlxalq onlayn vokal festival-müsabiqəsinə qatılan mərkəzin iki gənc vokalçısı ölkəmizi layiqincə təmsil edib. Voklaçılardan Nilda Tanrıverdi müsabiqənin diplomantı adına layiq görülərək diplom ilə, Şölə Quliyeva isə fəal iştirakına görə fəxri fərmanla təltif olunub.

 

18 yanvar - 8 aprel 2021-ci il tarixlərində Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Bədii Yaradıcılıq Milli Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Творчество без границ" ("Sərhədsiz yaradıcılıq") adlı VII Beynəlxalq festival-müsabiqəsində mərkəzin "Uşaq teatrı" və “Çiçəyim" uşaq teatrı studiyasının dərnək üzvləri uğurla iştirak edib. Pantomim və bədii söz nominasiyaları üzrə təşkil olunan onlayn müsabiqədə ayrı-ayrı yaş qrupları üzrə mərkəzin yetirmələri və “Çiçəyim" uşaq teatrı I, II, III dərəcəli diplomlarla təltif olunub.

 

2021-ci ilin fevral-mart aylarında İtaliyada keçirilən "Liberto creativa" Beynəlxalq onlayn müsabiqəsində rəqs nominasiyası üzrə mərkəzin "Azəri inciləri" rəqs qrupu "Qran-pri" mükafatı ilə, tar və saz alətində ifalarına görə Amin Kərimli və Nihat Babayev l dərəcəli diplom ilə təltif olunub, "Sazçalanlar" dərnəyinin rəhbəri İlqar Həsənov müsabiqənin ll dərəcəli laureatı adına layiq görülüb.