Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirilib.
Konfransın açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç bildirib ki, Nizami Gəncəvi qələmə aldığı əsərləri qədər, düşüncələri ilə də incəsənət və mədəniyyət tarixində yeni səhifələr açıb. O, Azərbaycanda “Nizami Gəncəvi İli”nin elan olunmasının qardaş ölkədə böyük sevinclə qarşılandığını qeyd edib.
Dünya ədəbiyyatı və mədəniyyətinin parlaq mirasına çevrilmiş əsərləri, zəngin fəlsəfi-poetik fikirləri ilə Nizaminin öz dövrünü çox qabaqlayan mütəfəkkir şair olduğunu diqqətə çatdıran rektor yardımcısı MDU ilə keçirilən ortaq konfransın Nizaminin irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
MDU-nun rektoru Şahin Bayramov zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik olan Qazi Universiteti ilə MDU arasında əməkdaşlığın yaradılmasından danışıb, hər iki universitetin pedaqoji fakultələrini əhatə edəcək işbirliyinin qarşılıqlı şəkildə faydalı olacağına və strateji hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib.
Rektor MDU ilə Qazi Universiteti arasında yaradılan əməkdaşlıqda ilk addım hesab olunan birgə konfransın Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin zəngin ədəbi irsinin öyrənilməsi və onun əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin beynəlxalq səviyyədə təbliğ edilməsinin əhəmiyyətindən danışan Ş.Bayramov konfransı Azərbaycan-Türkiyə qardaşlığının və ortaq dəyərlərimizin nümunələrindən biri kimi qiymətləndirib.
Konfransın moderatoru, Qazi Universitetinin dosenti Nazife Burcu açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
“Nizami Gəncəvinin Fərhad və Şirini” mövzusunda çıxış edən Türkiyənin Qazi Universitetinin professoru Halil Çeltik dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası Nizami Gəncəvinin həyatı, təhsili və yaradıcılığı haqqında danışıb, “Xosrov və Şirin” poemasının qısa məzmunundan, burada yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərdən bəhs edib, sözügedən əsərdən bəhrələnən türk, ərəb və fars şairlərinin nəzirələrindən söhbət açıb.
“Nizami Gəncəvi məsnəvilərinin Mançester və Berlin nüsxələrindəki miniatürləri” mövzusunda çıxış edən Kastamonu Universitetinin professoru Vüsalə Musalı mütəfəkkir şairin dünyanın müxtəlif kitabxanalarında mühafizə edilən əsərlərinin çoxsaylı əlyazma nüsxələrindən bəhs edib, “Xəmsə”yə daxil olan əsərlərin müxtəlif səhnələrini əks etdirən miniatürlər haqqında ətraflı məlumat verib.
“Nizami Gəncəvinin əsərlərində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda çıxış edən MDU-nun dosenti Esmira Cəfərova türk və müsəlman dünyasının qürur mənbəyi olan kəlam ustası Nizaminin yaratdığı ölməz poemaların söz sənətinin incilərindən sayıldığını, dünya xalqlarının dillərində əzbər olduğunu və bütün zamanlar üçün aktuallığını qoruyub saxladığını bildirib.
“Nizami Gəncəvinin ədəbi irsi dünya şərqşünaslığında” mövzusunda çıxış edən MDU-nun dosenti Mayıl İsmayılov dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri barədə danışıb. Avropa və dünya şərqşünaslığının bir neçə əsrlik tarixə malik olduğunu qeyd edən M.İsmayılov onlarla şərqşünasın Nizami yaradıcılığından bəhrələndiyini, onun zəngin ədəbi irsini araşdırdığını və əsərlərindən tərcümələr etdiyini bildirib. Şərq ədəbiyyatının sistemli şəkildə öyrənilməsi tarixindən və Avropada nizamişünaslığın əsasının qoyulmasından bəhs edən məruzəçi dünyanın şərqşünas alimlərinin Nizami dühası haqqında tezisləri və mülahizələrini diqqətə çatdırıb.
Məruzələrdən sonra MDU-nun tələbəsi Günel Məmmədova Nizami Gəncəvinin “Sənsiz” qəzəlini səsləndirib.