Bakı Dövlət Universitetinin (BDU) Hesablama riyaziyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar müəllim, “Şöhrət” ordenli Vaqif İbrahimov Science Alert təşkilatının təqdimatına əsasən Asiya Elmi Redaktorlar Şurası üzvlüyünə qəbul olunub.
Qeyd edək ki, Science Alert təşkilatı elmin bütün sahələrində yenilikləri dəstəkləyir və müxtəlif səviyyəli müsabiqələrin keçirilməsinə rəhbərlik edir. Asiya Elmi Redaktorlar Şurası beynəlxalq elmi nəşriyyatların 2000-dən çox əməkdaşını özündə birləşdirir. Yüksək reytinqli beynəlxalq elmi nəşrlərin səviyyəsinə nəzarət edən bu qurum müasir problemlərin həlli üçün təkliflər hazırlayır, elmi müzakirələr təşkil edir. Bununla yanaşı, elmi nəşrlərin standartlarının müasir tələblərə cavab verməsi üçün əməkdaşların aparıcı beynəlxalq təşkilatlarla əlaqəsini yaradır, ixtisasartırma proqramları tərtib edir, çap səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlayır.