2-3 aprel tarixlərində II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib.
Konfrans Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyi, Təhsil Nazirliyinin tərəfdaşı olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransın açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların ictimailəşdirilməsində inklüziv təhsil sisteminin vacib bir məqam olduğunu deyib. Nazir müavini bildirib ki, təhsil sisteminin qarşısında duran əsas hədəflərdən biri də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün inklüziv təhsil proqramlarının qəbulu, müəllim heyətinin inklüziv təhsil üzrə təlimlərə cəlb edilməsidir. Bu sahədə Təhsil Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirildiyini vurğulayan Firudin Qurbanov əlavə edib ki, autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsil sisteminə daxil edilməsi, onların inkişafına, xüsusilə də nitq və ünsiyyət, sosialllaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Nazir müavini xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçü inklüziv təhsilin təşkili ilə bağlı nazirlik tərəfindən görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.
Heydər Əliyev Fondu tərəfindən bu cür uşaqların təhsilinin təşkili, təhsil aldıqları müəssisələrin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən mühüm işləri diqqətə çatdıran Firudin Qurbanov çıxışının sonunda vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlbi bundan sonra da təhsil siyasətində prioritet məsələ olaraq nəzərə alınacaq.
Səhiyyə nazirinin müavini Rahim Əliyev açılış mərasimində çıxış edərək bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Rahim Əliyev bu maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğunu vurğulayıb.
Konfransda dinlənilən çıxışlarda qeyd olunub ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.
İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA” (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələri dinlənilib və iştirakçıların sualları cavablandırılıb.