Naxçıvan Müəllimlər İnstitutunda üzərində İkinci Qarabağ müharibəsinin qələbə simvolu olan “Xarı bülbül” təsvirli 0,40 x 0,60 m. ölçülü xalçanın təqdimatı keçirilib.
Təqdimatda institutun rektoru Azad Novruzov çıxış edərək milli-mədəni sərvətlərimiz içərisində xalçalar və xalça sənətinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti qədim köklərə malikdir. Xalçalar tarixən Azərbaycan xalqının məişətinin və toxuculuq mədəniyyətinin bariz nümunələrindən olub. Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünəməxsus ornamentləri ilə fərqlənən sənət nümunəsidir.
Rektor deyib ki, xalçaçılıq ənənələrinin bərpası, xalçaçılığın inkişafı ilə bağlı dövlət tərəfindən bir sıra mühüm addımlar atılıb.
“Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”-deyən rektor muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi məqsədilə bir sıra ciddi addımlar atıldığını vurğulayıb.
A.Novruzov tələbələri əllə xalça toxumaq sənətinin sirləri ilə tanış etmək və onlara praktik dərsləri keçmək məqsədilə institutda emalatxananın yaradıldığını, həmçinin uyğun dərnəyin də fəaliyyət göstərdiyini qeyd edib.
Sonda rektor bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda xalçaçılıq sənəti ilə bağlı işlər davam etdiriləcək, tələbələrin bu işə cəlb olunması diqqətdə saxlanılacaq.