Aytac Nəbiyeva: “Bir elmi tədqiqatçı kimi gənc kadrların hazırlanmasında iştirak etmək istəyirəm”
Məlumdur ki, müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialınınformalaşdırılması baxımından Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır. Ölkəmizin gələcək inkişaf prioritetlərini özündə əks etdirən proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc doktorantura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq imkanı qazanan gənclərdən biri də Aytac Nəbiyevadır. O, doktorantura təhsilini Böyük Britaniyanın Birmingem Universitetində alır.
Tanıtım. 1995-ci ildə Qazax rayonunda anadan olub. 2012-ci ildə Masazır kənd 1 nömrəli tam orta məktəbi bitirib, elə həmin il Bakı Dövlət Universitetinin “Biologiya” ixtisasına qəbul olub. Dördillik bakalavr təhsili dövründə universitetin fəal tələbələrindən olub, belə ki, debat-klub, kitab-klub kimi sosial fəaliyyətlərdə iştirak edib. Bakalavr dərəcəsini 2016-cı ildə tamamladıqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsi və müsahibəsindən uğurla keçərək Salyan rayonu Şəkərli kənd orta məktəbində bir il biologiya müəllimi olaraq fəaliyyət göstərib. Daha sonra isə 2017-ci ildə müsabiqə yolu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun “Genetika” ixtisasının magistr dərəcəsinə qəbul olub. Eyni zamanda, Genetik Ehtiyatlar İnstitutunda böyük laborant, daha sonra isə kiçik elmi işçi vəzifəsində çalışıb. Burada oxuduğu illər ərzində həmçinin Gənc Alimlər Şurasının sədri olaraq da fəaliyyət göstərib və institut daxilində “conversation club” quraraq ingilis dilinin tədrisini həyata keçirib.
- “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” mənim karyera və təhsilimdə böyük bir uğur əldə etməyimə imkan yaradaraq qarşımda çox geniş bir yol açdı. Bu proqram sayəsində Böyük Britaniyanın top universitetlərindən biri olan Birmingem Universitetində doktorantura təhsili alıram. Düşünürəm ki, bu proqram sayəsində mənim kimi bir çox tədqiqatçılar xaricdə təhsil şansı qazanaraq ölkəmizin inkişafında əsaslı rol oynayacaqlar.
- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Doktorant olaraq hansı mövzu üzərində işləyəcəksiniz? Tədqiqat mövzunuz dünyada nə dərəcədə prioritetdir?
- Seçdiyim ixtisas RNT biologiyasıdır. Doktorantura təhsilimdə “Hüceyrəvi stressə qarşı cavab olaraq RNT metabolizmi” mövzusu üzərində işləyirəm. Burada tədqiqat apardığım mövzu yeni olmaqla bərabər, eyni zamanda, perspektivli bir sahə olaraq bir çox məsələlərin həllində əhəmiyyətli rol oynaya bilər. Belə ki, mənim burada həll etmək istədiyim məsələ hər hansısa bir hüceyrəvi stress zamanı mRNT 3’ prosesinin, yəni poliadenilasiya və parçalanma proseslərinin necə dəyişdiyini öyrənməkdən ibarətdir. Bildiyimiz kimi, hüceyrəvi stress xərçəng də daxil bir çox ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Eləcə də hüceyrəvi stress zamanı mRNT-3’ prosesinin gedişatında bir çox dəyişikliklər baş verir ki, mən də burada onu molekulyar səviyyədə öyrənməyə çalışacağam. Dünyada isə, ümumiyyətlə, mRNT-nin öyrənilməsi COVID-19-dan dolayı ən önəmli məsələlərdən birinə çevrilib və bu sahəyə daha çox investisiya və diqqət ayırmağa başlayıblar.
- Tədqiqatlarınız Azərbaycan elminə, tərəfdaş universitetə nə kimi töhfələr verə bilər?
- Mənim ali təhsil müəssisəsi olaraq tərəfdaşım Azərbaycan Tibb Universitetidir. Tədqiqatım isə RNT biologiyası sahəsindədir. Düşünürəm ki, buradakı təhsilimi tamamlayıb ölkəmizə qayıtdıqdan sonra ATU-da “Genetika” ixtisasını icra edərək bu sahədə ölkəyə və universitetə yeni baxış gətirə bilərəm. Bildiyiniz kimi, genetika hər gün inkişafda və dəyişməkdə olan sahədir. İstəyərdim ki, ölkəyə qayıtdıqdan sonra genetika, eləcə də molekulyar biologiya sahəsi üzrə nəinki ATU ilə, həmçinin Azərbaycanda bir çox önəmli və top universitetlərlə əməkdaşlıq əlaqələri quraraq bu sahənin inkişafında əsaslı nəticələr əldə edək. Ən əsası Azərbaycan dilində məqalələr və kitabların yazılmasına, yaxud da tərcüməsinə diqqət yetirmək lazımdır. Mənə elə gəlir ki, ölkəmizə qayıtdıqdan sonra bu mövzuda çox ciddi töhfə verə biləcəyəm.
- Pandemiyanın təsirləri Birmingem Universitetində necə hiss olunur? Təhsil aldığınız universitetdə hazırda tədris prosesi necə təşkil olunub?
- Birmingem Universitetində hazırda pandemiyadan dolayı tədris tələbələrin təhsil aldıqları dərəcələrə və işinin əhəmiyyətinə görə fərqli yollarla aparılır. Bakalavrlar təhsillərini tamamilə onlayn şəkildə davam etdirdikləri halda magistrlərdə tədris həm onlayn, həm də üz-üzə həyata keçirilir. Lakin martdan öncə bəzi tələbələr istisna, eləcə də magistrlər onlayn şəkildə davam etdirirdilər. Doktorantlara gəldikdə isə uzun karantin dövründən (4-6 ay) sonra hazırda onlar öz işlərinə laboratoriyalarda davam edirlər. Amma əgər işlərinə evdən davam edə bilirlərsə, universitetə gəlmələri vacib sayılmır və evdən işləməyə məcburdurlar. Bütün dünyada olduğu kimi, pandemiya buradan da təsirsiz ötüşmür, təbii ki, tələbələrin təhsilində, eləcə də sosial aktivliklərində çox ciddi təsirləri hiss olunur. Amma universitet müxtəlif onlayn platformalar həyata keçirərək bunun azaldılmasına qismən də olsa nail olur.
- Bütün dünyada biologiya sahəsi ən sürətli inkişaf edən elmi istiqamətlərdəndir. Məlum pandemiya biologiyanın, bioloji tədqiqatların da əhəmiyyətini artırıb. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.
- Qeyd etdiyiniz kimi biologiya ən sürətli inkişaf edən elmlərdən biri olub daim dəyişməkdə olan sahədir. Bütün bunlarla bərabər bizim biologiya sahəsində öyrəndiyimiz biliklər çox deyil. Pandemiya isə bizə bir daha diqqətin, maliyyənin və vaxtın nəyə sərf olunmalı olduğunu öyrətdi. İstisna edilmir ki, zamanla başqa virusların da mutasiyasına məruz qalacağıq. Buna əsasən biologiyanın digər sahələrinə də xüsusi yanaşmalıyıq.
- Universitetlərimizdə tələbələrin elmə, elmi-tədqiqatlara daha geniş cəlb olunması üçün nə kimi işlər görə bilərik?
- Bizim universitetlərdə təhsil daha çox nəzəriyyə sisteminə yönəldiyi üçün praktika bir az inkişafdan geri qalıb və buna görə də tələbələrin nəzəri bazası güclü olsa da, praktikada çətinlik çəkirlər. Universitetlərdə laboratoriyalar tələbələrin tədqiqat məkanına çevrilməlidir. Doktorantura tələbələri, eləcə də professorlar və elmi rəhbərlər bakalavr və magistraturada oxuyan tələbələri öz işlərinə cəlb edə bilər. Artıq tələbələr bakalavrdan praktik işlərə cəlb olunmalı və onları bir növ, gələcək tədqiqata hazırlamaq lazımdır. Orta məktəbdən şagirdlərin diqqətini eksperimentlərə, laboratoriya işlərinə yönəldib onlarda bu sahəyə maraq oyatmaq mümkündür. Beləliklə, intellektual bir cəmiyyət üçün bunların olması təməl şərtdir, deyə düşünürəm.
- Gələcək hədəfləriniz barədə.
- Gələcək hədəflərimdən biri və ən əsası buradakı təhsilimi uğurla başa vurduqdan sonra ölkəmə qayıdıb təhsil üçün öz töhfələrimi verməkdən ibarətdir. Bir elmi tədqiqatçı kimi gənc kadrların hazırlanmasında rolum olsun istəyirəm. Mənim kimi dünyanın top universitetlərində təhsil alan yüzlərlə azərbaycanlı gənclər var. Hamımız birlikdə çalışsaq, o top universitetlər arasında bizim də universitetləri görmək mümkün olacaq. İstərdim ki, ən yaxşı universitetlər deyiləndə bizim ölkəmizin ali təhsil müəssisələrinin adları da çəkilsin. Bundan başqa, təhsilimi davam etdirib öz sahəmdə önəmli simalardan birinə çevrilmək də hədəflərim arasındadır. Güc elmdədir deyə düşünürəm və çox xoşbəxtəm ki, bu proqram sayəsində mən də öz təhsilimi inkişaf etdirərək ölkəmizi təmsil etmək şansını qazanmışam. Ümid edirəm ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm.
Oruc MUSTAFAYEV