Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Xocavənd rayonlarında və Şuşa şəhərində olublar


Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!

 

Azıx mağarasının girişindəyik... Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik... Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

 

 

Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər də var. Ulu öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə.

 

Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realni məktəbin dağılmış binasıdır, görün, ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb.

 

Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır.