Fuad Məmmədov: “Biz bu QƏLƏBƏ ilə bütün ŞƏHİDlərimizin qisasını aldıq”


Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində minlərlə  gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Onların dastanlara sığmayan  qəhrəmanlıqları nəticəsində Vətənimiz düşmən tapdağındam azad edildi. Azərbaycan əsgərinin hünəri qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını tullayaraq qaçmağa yer axtarırdı. Ermənistan ordusuna qan udduran igidlərimizdən biri də tarix müəllimi  Fuad Məmmədovdur.  Fuad müəllimlə  birlikdə keçdiyi şərəfli döyüş yoluna nəzər saldıq.

 

Fuad Yasın oğlu Məmmədov 1991-ci ilin martın 27-də Naxçıvan şəhərində anadan olub. 2016-cı ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.  Hazırda Naxçıvan Dövlət Universitetinin mühasibat uçotu və audit fakültəsinin qiyabi V kurs tələbəsidir.  Artıq 3 ildir ki Bakıdakı 139 nömrəli tam orta məktəbin tarix müəllimidir. 2009-2010-cu illərdə ordu sıralarında hərbi xidmətdə olub.

 

- Fuad müəllim, bildiyim qədəri ilə ailənizdən xəbərsiz, könüllü olaraq cəbhəyə yollanmaq haqqında qərar vermisiniz. 

- 27 sentiyabr ordumuzun əks hücum əməliyyatı başlayan andan gözləyirdim ki, mənə də çağırış gələr. İki gün gözlədim gəlmədi. Cəbhəyə getmək üçün can atırdım. Evdən sənədlərimi götürəndə şübhələndilər. Bir başqa adla sənədlərimi götürüb çıxdım. Üz tutdum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə. Mən orda olarkən orduya könüllü getmək istəyənlərin sayı hədindən artıq çox idi. Xüsusi qeyd etmək istərdim ki, Ali Baş Komandanımızın çağırışına hamı bir nəfər kimi gəlmişdi. Baxın, budur Vətən sevgisi və xalq birliyi.  Qeydiyyata alındıqdan sonra evə gedib atam və anamla sağollaşdım. Sonra  döyüş bölgələrinə yollandıq.

 

- İlk olaraq döyüşlərə hansı istiqamətdə başladınız?

- Biz əvvəlcə Füzuli, Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etdik. Sonra Xocavənd  istiqamətində və  Şuşa tərəfə hərəkət etdik.  Şuşa yaxınlığında ermənilər bizi mühasirəyə aldılar. Orada gərgin döyüş oldu.  Biz xüsusi təyinatlılarımızla birlikdə düşmənin  mühasirəsini yararaq onları məhf etdik.  Hadrutun yüksəklikərinin alınması da bir qədər çətin əməliyyatlardan sayılır. Düşmən həmin istiqamətlərdə bizi gözləyirdi və müxtəlif pusqular qurmuşdu. Biz həmin yüksəkliklərin alınmasında şəhidlər verdik. Dağlıq və sıldırım ərazilərdə açıq hədəfdən qaça bilmirsən. Mənfur düşmən hər cür hiylə ilə əsgərlərimizin hərəkət tempini zəiflətməyə çalışırdı. Heç şübhəsiz buna nail ola bilmirdilər. Hiyləgər düşmən bizim  müqəddəs Quran kitabını yerdə əl qumbarasına bərkidilmiş formada qoyurdu ki, əsgər Quran kitabını götürəndə qumbara partlasın.  Hətta şəhidlərimizi də qumbaraya bağlayırdılar ki, onları götürəndə partlasın və biz daha çox itki verək.

 

- Döyüş meydanında baş verənləri düşünmək belə çətindir, siz bütün bunları yaşayan bir müəllim kimi...

- Təbii ki, müharibənin öz çətinlikləri var. Orda bir amal uğrunda düşünürsən. Düşməni qovmaq, məhv etmək və daim irəli getmək. Yaralı və şəhidlərimiz olurdu. Birinci növbədə yaralılarımızı döyüş bölgəsindən uzaqlaşdırıb, tibb məntəqəsinə aparmaq lazım idi. Hadrutun relyefi də çox mürəkkəb idi. Dağlıq və meşəliklər çox çətinliklər yaradırdı. Avtomobilin gəlməyi də çətin və təhlükəli idi. Düşmən hər an bizə köməyə gələn maşınları vururdu.  Hadrut dağına qalxan istiqamətində olan döyüşlərdə bizim ilk olaraq təcili tibbi yardım maşınımızı,  daha sonra isə təchizat gətirən maşınımızı düşmən vurdu. Həmin döyüşdə təəssüflər olsun ki,  şəhidlərimiz oldu. Şəhidlərimizi və yaralı döyüş yoldaşlarımızı o yerlərdə qoymurduq.  Maşın vurulduğundan kürəyimizə alıb onları təhlükəsiz yerlərə kimi aparırdıq.

 

- Düşməni görəndə hansı hissləri keçirirdiniz?

- Düşməni görəndə Xocalı faciəsi və müxtəlif zamanlarda xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklər gözümün önünə gəlirdi.  Və bu zaman ilahidən insana ikiqat güc gəlirdi. Bir erməni postuna hücumumuz heç vaxt nə mənim, nə də döyüş yoldaşlarımın yadından çıxmır. Deməli, erməni postuna yaxınlaşırıq. Düşmən postunun bütün kordinatlarını müəyyən etmişdik.  Orada  10-a yaxın erməni əsgəri var idi. Posta girəndə mən və döyüşçü yoldaşlarım elə bilin ki, Qartal və Aslan kimi posta şığıdıq. Biz əsgər yoldaşlarımla şərəflə döyüşürdük.  Heç aman vermədik ki, düşmənin gözü açılsın. Orda mən iki erməni əsgərini öldürdüm.

 

- Azərbaycan əsgərinin rəşadəti və döyüşkənliyi bütün dünyaya səs saldı...

- 44 günlük müharibə Azərbaycan ordusunun peşəkarlığını, döyüş ruhunu, vətən məhəbbətini, müasir hərbi silahların uğurla tətbiq edilməsini, əsgər və zabitlərimizin igidliyini bütün dünyaya göstərdi. Döyüş meydanında bizim ordumuz düşmənə qan uddurdu. Biz bu qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq. Ermənilər qabağımızdan qaçırdı. Silahlarını, texnikalarını atıb qaçırdılar. Bizim də yoldaşlarımız şəhid oldu. Hər birimiz bir şeyi düşünürdük - yalnız irəli. O psixologiyanı təsvir etmək həqiqətən çətindir, yaşamaq lazımdır. Müharibə görmüş insan təmiz dəyişir. Bu torpağın hər qarışı bizim üçün əzizdir. Odur ki, biz torpaqlarımızı nəyin bahasına olursa olsun azad etdik. Biz Şuşanın girəcəyinə qədər döyüşdük.  Sonra isə bizə başqa tapşırıqlar verildi. Şuşanı artıq görürdük. Həmin yerlərə ayaq basanda əsgər dostlarım da mən keçirdiyim hissləri keçirirdi. 

 

- Fuad müəllim,  bu şanlı həyat yolunuzun təcrübələrinə dayanaraq gənclərimizə nə demək istərdiniz?

- Azərbaycan əsgəri sözün əsil mənasında qəhrəmandır, məğlubedilməzdir. Gənclərə onu arzu edirəm ki, Vətəni öz şərəfləri kimi qorusunlar və həyatlarında həmişə şərəfli yollar seçsinlər. Unutmasınlar ki, Vətən bizlər üçün hər şeydən vacib və müqəddəsdir. Vətənimizin ərazi bütövlüyü qəhrəmanlarımızın və şəhidlərimizin qanı, canı bahasına təmin olunub. Şəhid olan qardaşlarımızın ailələrinə baş sağlığı verirəm. Xalqımızın bu müharibədə bizə verdiyi dəstək ifadə edilməz qədər gözəldi. Bizdən sonrakı nəsillər də Vətənimizin qədrini, qiymətini bilsinlər.

 

- Hamı üçün maraqlı olan döyüş yolunuzdan bir hadisəni bizimlə bölüşə bilərsinizmi?

- Günlərin bir günü Xocavənd istiqamtində döyüşdə idik. Döyüş çox ağır idi. Komandirimiz bizdən qabaqda olduğundan açıq hədəfdə qalmışdı. Özü də yaralı idi. O düşmən nəzarətindən xilas olunmalı idi. Döyüş yoldaşlarımın atəş dəstək yardımı ilə komandiri döyüş zonasından çıxartmağa başladım. Çox çətinliklə komandiri səngərə sala bildim. Düşmən yaralı çıxarmağa imkan vermirdi. Bizləri görən kimi   atəş açırdılar. Snayper və müxtəlif iri çaplı silahla atəş açırdılar. Çətinliklə də olsa o döyüşdən itkisiz çıxa bildik. Vətənə canım fəda. Bu, bizim borcumuzdur. Otuz ildir ki, eşidirdik. Ya Qarabağ! Ya ölüm! Həqiqətən bu söz öz reallığını tapdı. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Vətənin mərd oğulları, Tanrı sizlərə yar olsun. Bir müəllim kimi Vətən müharibəsi iştirakçısı olmağımla qürur duyuram.

 

- Fuad müəllim, sinif yoldaşı, tələbə yoldaşı, əsgər yoldaşı  və  döyüş yoldaşı.  Sizcə, insana hansı daha da yaxındır?

- Həqiqətən də insan həyatında müxtəlif mərhələlərdə yaxşı dostlar qazanır. Ancaq sizə deyim ki. bütün yoldaşların başında insan üçün ən güvəniləni döyüş yoldaşı olur. Təsəvvür edin ki, o insanla sən ölumün içindən çıxıb gəlirsən. Yoldaşlarımızla bizim çox çətin günlərimiz olub. Döyüş yoldaşı öz həyatını təhlükəyə atmağı gözə alaraq səni düşmən hədəfindən xilas edirsə görün bu, nə deməkdir. Yoldaşını xilas edib özü həlak olan qardaşlarımız da az deyil. Mən bir tarix  müəllimi kimi  həmişə öz şagirdlərimə bunları deyəcəyəm. Tarix yazan qəhrəmanlarımız heç vaxt yaddan çıxa bilməz. Döyüş yoldaşlarımın hamısı ilə indi də əlaqəm var. Onlar mənim hayatımda olan ən doğma insanlardandır.  

 

- Düşünürdünüzmü sağ qayıtmaya bilərdiniz?

- Əlbəttə, bizim hər anımız ölümlə üz-üzə idi. Təsəvvür edin ki. minamyot, top və qrat mərmisi sənin yanına düşür və səni 3 metrə qədər yuxarı qaldırıb yerə çırpır. Bir anlıq elə hiss edirsən ki, artıq ölmüsən. 10-15 dəqiqə qulaqların eşitmir. Bəzən isə qulaq pərdəsi deşilir, ümumiyyətlə, heç nə eşitmirsən. Döyüşdə hər an ölümün sənə yaxın olduğunu hiss edirsən. Vətənpərvər oğullarımız həddindən artıq çoxdur. Bizim tabor əsasən könülllülərdən ibarət idi. Əsgərlərdə olan ruh yüksəkliyi  hamımıza müharibə və döyüş üçün stimul verirdi. Şəhid olmaq bizlər üçün ən ali zirvə idi.

 

Rəşad ZİYADOV