Ağdam səfərindən qeydlər


30 ilə yaxın davam edən həsrətdən sonra Qarabağa həm də qədim ənənələrimiz qayıdıb və nəhayət ki, bu il Azərbaycan bayraqları ilə süslənmiş Qarabağda Novruz tonqallarının yanması arzudan gerçəyə çevrilib. Qarabağ ətirli Novruz bayramını yaşayır Azərbaycan! Bu, geri dönüşü olmayan reallıqdır! Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq!

 

Bu gün böyük, məğrur, yenilməz xalq kimi yaşamağımız, ən qədim bayramlarımızdan olan Novruzu bu hisslərlə qeyd etməyimiz heç də asan başa gəlməyib.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Böyük Zəfərin əldə olunması üçün arxada qalan dövrün hər saatı, hər günü gərgin iş aparılıb və bunun məntiqi davamı olaraq güclü Azərbaycan Ordusu cəmi 44 günə tarixi Qələbəyə imza atıb. Azad olunan əraziləri ziyarət etdikcə, bu müqəddəs amal uğrunda görülən böyük işin miqyasını daha yaxından anlayırsan.

 

Prezidentin tapşırığına əsasən, bir qrup yerli media orqanı, QHT rəhbərlərinin, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam rayonuna növbəti səfəri bu baxımdan olduqca önəmli idi. Səfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Əsgərinin qanı, canı hesabına qazanılan möhtəşəm Qələbənin miqyasını, hansı çətinliklər, igidliklər hesabına əldə edildiyini əyani şəkildə görmək, eyni zamanda, erməni faşizminin sərhəd tanımayan vəhşiliklərinin canlı şahidi olmaq və bunu daha geniş auditoriyaya çatdırmaq üçün xüsusi əhəmiyyət daşıyırdı.

 

Azad olunmuş Ağdam ərazisinə ayaq basdıqda ilk diqqəti cəlb edən keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamlarının mürəkkəbliyidir. Bir neçə müdafiə xəttindən ibarət olan, müasir standartlar tətbiq edilməklə hazırlanan istehkamlara baxdıqca anlayırsan ki, bu səddin keçilməsi hərbi texnika və insan itkisi olmadan faktiki mümkünsüz idi. Məhz Ali Baş Komandanın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü bu variantı heçə endirdi. Ermənistan kapitulyasiyaya və digər əraziləri boşaltmağa məcbur qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə gətirib çıxartdı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının boşaldılması, Azərbaycana təhvil verilməsi,  qan tökülmədən azadlığa qovuşması 44 günlük Zəfərimizin məntiqi davamı kimi tarixdə öz əksini tapdı.

 

...Yolboyu dəyişməyən mənzərə insanda dəhşət yaradır. İşğaldan azad olunmuş və böyük əraziyə malik Ağdamın bütün yaşayış məskənləri erməni barbarlığının  izlərini daşıyır: hər yer dağıdılıb, daşlar belə sökülüb aparılıb, boşaldılan ərazilərin hər yerinə minalar döşənib.

 

Ən dəhşətlisi isə düşmənin müqəddəs Şəhidlər Xiyabanında etdiyi vəhşilikdir. Bu, dünyada nadir rast gəlinə bilən faşizm aktıdır. İstər Uzundərə kəndindəki II Şəhidlər Xiyabanı, istərsə də Ağdam şəhərinin özündəki Şəhidlər Xiyabanı yerlə-yeksan edilib. Şəhərdəki Şəhidlər Xiyabanında məzarlar sökülüb, meyitlər yoxa çıxarılıb. Boş çalaya çevrilmiş məzar yerlərinə baxdıqca, erməni faşizmini dünyada indiyə qədər insanlığa qarşı törədilən cinayətlərin heç biri ilə müqayisə etməyin mümkünsüzlüyünə bir daha şahid olursan.

 

Düşmən bəşəriyyətə indiyə qədər yad olan hisslərlə Ağdamın daşından, torpağından, ağacından, müqəddəs yerlərindən, mədəniyyət abidələrindən 30 ilin hər günü qisas alıb sanki! Hər gün dağıdıb və Azərbaycan xalqına məxsus nə varsa, izini itirməyə çalışıb. Amma buna nail ola bilməyib; Ağdamın, bütövlükdə Qarabağın dağıdılmış halı belə Azərbaycan ətri qoxur! Azərbaycan tarixini yaşadır!..

 

Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biri olan Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyan bir ərazi olub. Burada, ümumilikdə 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.

 

Buradakı qədim mədəni-tarixi abidələrin sırasına Xındırıstan kəndində yerləşən Üzərlik Təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri yerləşir. Bütün bu və digər memarlıq incilərinin əksəriyyəti işğal dövründə düşmən tərəfindən məhv edilib. Rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın olunub. Düşmən bununla kifayətlənməyib və müqəddəs yerlərdə donuz bəsləyib.

 

Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri olan Cümə məscidi də eyni aqibətlə üzləşib. Faşist xislətli ermənilərin tam dağıtmadığı yeganə tikili bu məsciddir. Prezident İlham Əliyev Ağdama səfəri zamanı qarşısında çıxış etdiyi məscidin erməni vəhşiliyindən niyə nəsibini almamasına aydınlıq gətirib: “Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər”.

 

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi də düşmən tərəfindən dağıdılıb. Burada toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər  olub. Muzey eksponatlarının ən qədimi eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. Ümumilikdə, muzeydə olan 1500-dək eksponat məhv edilib.

 

Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi kitabxanası və 67 kitabxana filialı tamamilə dağıdılıb, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar, həmçinin təhsil ocaqları, bağçalar tamamilə yararsız hala düşüb.

 

Qarabağın mədəniyyət beşiyi olan Ağdamın coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şəraiti ilə də fərqlənib. Ağdamda 15 mineral xammal yatağı, 4743 hektar meşə fondu olub. İşğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib.

 

Bütün bunlar Qarabağın tək bir rayonunun misalında nələri itirdiyimizi, 30 ilə yaxın müddətdən sonra nəyi qazandığımızı bir daha göz önünə gətirir.  Erməni işğalının və vəhşiliyinin qurbanı olan Ağdamın, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Qarabağın tacı olan Şuşanın ağ günləri qabaqdadır. Azərbaycan dövlətinin iqtisadi qüdrəti tezliklə Qarabağın tam dirçəldilməsinə, öz tarixi simasına qovuşmasına şahid olacağımızı vurğulamağa əminlik yaradır.  

 

Elman BABAYEV,

Əməkdar jurnalist