Naxçıvan Dövlət Universiteti Televiziyasının Naxçıvan Muxtar Respublikası miqyasında yayımının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Universitet Televiziyasının efiri izlənilib, “Xəbərlər” proqramına baxış olub.

 

Media mərkəzinin fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra ali təhsil ocağının rektoru Elbrus İsayev əlamətdar tarixi gün münasibətilə hər kəsi təbrik edib, ali məktəbin hər sahədə qazandığı uğurlardan danışıb.

Qeyd edilib ki, muxtar respublikanın jurnalist kadrlarına olan ehtiyacı nəzərə alınmaqla universitetdə 2001-ci ildən Jurnalistika  ixtisası üzrə kadr hazırlığına başlanılıb. Rektor gənc jurnalist kadrların peşə hazırlığının yüksəldilməsi və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün kollektivin birgə əməyinin vacibliyini qeyd edib. 

 

Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli vurğulayıb ki, bu tarixi hadisə nəticəsində Naxçıvan Dövlət Televiziyası ilə Universitet Televiziyası arasında əməkdaşlıq üçün münbit zəmin yaranır. Muxtar respublika televiziyasının kadr potensialının təmin edilməsində Universitet Televiziyasının gələcək perspektivlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edən komitə sədri televiziya verilişlərinin zənginləşdirilməsində hər cür dəstəyə hazır olacaqlarını bildirib. 

 

Naxçıvan  Televiziya və Radio Şurasının sədri Rauf Əliyev Universitet Televiziyasının gələcəyə hesablanmış inkişaf perspektivlərindən danışıb.

 

Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Məcid Əkbərov tələbə-jurnalistlərin təcrübələrinin formalaşması üçün baza rolunu oynayan Media mərkəzinin fəaliyyətindən bəhs edib və yaradılan şərait üçün  tələbələr adından öz minnətdarlığını bildirib.