Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızla görüşüb.

 

Görüşdə M.Yıldız  Azərbaycana olan sonsuz sevgisini bildirib və qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. O, əsası 1926-cı ildə qoyulmuş və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri haqqında ətraflı məlumat verib.

 

Türkiyənin milli ali sistemində özünəməxsus yeri olan Qazi Universitetinin əldə etdiyi uğurlardan bəhs edən M.Yıldız təmsil etdiyi təhsil ocağının bu ölkədə yeni yaradılmış bir sıra ali təhsil müəssisələrinin inkişafında fəal iştirakını vurğulayıb. Tədqiqat universiteti olaraq həyata keçirdikləri çoxsaylı layihələrdən danışan M.Yıldız akademik heyətin tədris bacarıqlarının inkişaf etdirilməsi, inzibati heyətin idarəetmə səriştəsinin artırılması, yeni ixtisasların yaradılması və digər sahələrdə MDU-ya müvafiq dəstək göstərəcəklərini deyib.

 

MDU-nun rektoru Ş.Bayramov Vətən Müharibəsi dövründə göstərilən mənəvi dəstəyə, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdrılmasında nümayiş etdirilən fəallığa görə Qazi Universitetinin professor-müəllim, inzibati-texniki və tələbə heyətinə minnətdarlığını bildirib. Qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən birində olmasından məmnunluğunu ifadə edən Ş.Bayramov zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik  Qazi Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

 

MDU-nun potensial inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verən rektor tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icra edilməsi, kampus idarəçiliyi sahəsində təcrübənin öyrənilməsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb.

 

MDU-nun iki gənc əməkdaşının Qazi Universitetinin doktorantura səviyyəsində təhsilə cəlb edilməsini yüksək qiymətləndirən Ş.Bayramov hər iki ali təhsil müəssisəsinin pedaqoji profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb.

 

Görüşdə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ilkin mərhələdə atılacaq konkret addımlar barədə razılıq əldə olunub.