Naxçıvan Dövlət Universitetində (NDU) Elm günləri çərçivəsində tədbirlərə start verilib. Ali təhsil ocağında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin alimləri ilə universitet magistrantlarının görüşü keçirilib.
Universitetin rektoru Elbrus İsayev elmin inkişafı üçün görülən işlərdən danışıb və bu istiqamətdə atılan addımları yüksək qiymətləndirib.
Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla icra olunan davamlı təhsil strategiyasından söhbət açıb. Təhsil siyasətinin muxtar respublikada uğurla tətbiqindən danışan akademik vurğulayıb ki, elm və təhsil siyasəti qarşılıqlı şəkildə inkişaf etməlidir. Bildirilib ki, görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasıdır.
Akademik Bölmənin fəaliyyəti dövründə qazandığı uğurlardan danışaraq qeyd edib ki, muxtar respublika ərazisində aparılan araşdırma nəticələri, çoxsaylı tədqiqat əsərləri təkcə Naxçıvanın deyil, ümumilikdə, Azərbaycan elminin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Bölmənin alimlərinin çıxışları dinlənilib, magistrlərin sualları cavablandırılıb.Alimlər yazdıqları 50-dən çox kitab və monoqrafiyanı universitetə təqdim ediblər.