Buğday Azadə: “Vətən müharibəsində yalnız böyüklər savaşmadı, uşaqlarımız - şagirdlərimiz də savaşdı”
Cəyirli kənd ümumi orta məktəbin direktoru Buğday Azadə müharibədən qayıdan minlərlə qəhrəman Azərbaycan oğullarından biridir. Döyüş yolu Tərtər, Suqovuşan, Talışkənd, Ağdərədən keçib.
“Geri qaytarmağa çalışsalar da, mən qayıtmadım”
“Müharibə istəyirik”, - deyib dövlətə üz tutanlardan biri olub Buğday müəllim. 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrindən təsirlənib rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Müharibə başlayarsa, iştirak etmək arzusunu bəyan edib. Sentyabrın 27-də müharibə başlayan kimi çağırış gözləmədən yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək israrla müharibədə iştirak etmək istədiyini bildirib: “Mənə orda dedilər ki, hələlik ehtiyac yoxdur. Geri qaytarmağa çalışsalar da, mən qayıtmadım. Müraciətimi qəbul etmələri üçün israr etdim”.
“Məktəbdə vətənpərvərlikdən danışıb müharibədən kənarda qala bilməzdim”
İsrarının səbəbinə gəlincə, Buğday müəllim deyir ki, şagirdləri döyüşdüyü halda, onlardan geri qala bilməzdi: “Tarix müəllimiyəm. Şagirdlərimin əksəriyyətinə tarix fənnini sevdirmişəm. Bunun nəticəsidir ki, hər il məktəbimizdən ali təhsil müəssisələrinə qəbul imtahanlarında III ixtisas qrupu üzrə iştirak edənlər daha çox olur. Məktəbdə vətənpərvərlikdən danışıb müharibədən kənarda qala bilməzdim. Vicdanım buna yol vermirdi. Ailədə yaşlı atam və anam mənim himayəmdədir. Onlara pis təsir edə biləcəyindən ehtiyat edib evdə müraciətim barədə heç nə deməmişdim. Ancaq hazırlaşıb gedəndə xəbər tutdular”.
“Müharibənin qaçılmaz olduğunu hər birimiz bilirdik”
Torpaqlarımızın işğal altında olması Buğday müəllimə çoxdan ağır gəlməyə başlayıb, ta hərbi xidmət illərindən. Xocavəndin Kurapatkina kəndində hərbi xidmət keçən Buğday Azadə beynəlxalq miqyasda qəbul edilmiş sərhədlər daxilindəki torpaqlarımıza gedə bilməməyin nə demək olduğunu hələ o vaxt hiss edib: “Birinci Qarabağ müharibəsində hələ uşağıydım. Amma hərbi xidməti cəbhə bölgəsində keçdim.Torpaqlarımızın işğal altında olmasının nə demək olduğunu da elə orda dərk etdim. İşğal altında qalan ərazilərimizi azad etməyin zərurətini anladım. Gec, ya da tez müharibənin qaçılmaz olduğunu hər birimiz bilirdik. Bu işi gələcəyə saxlaya bilməzdik. Torpaqlarımızı biz geri almalıydıq və bu uğurda edəcəyimiz müharibənin iştirakçısı olmaq arzum elə o vaxtdan baş qaldırdı”.
Ancaq o vaxt döyüşmək zərurəti yaranmadığından hərbi xidmətdən qayıdıb həyatına davam eləyib. Tarix və ictimaiyyət ixtisası üzrə bakalavr təhsili alan Buğday Azadə hərbi xidməti başa çatan kimi qonşu Cəyirli kəndində müəllimliyə başlayıb. 2011-ci ildən müəllimi olduğu məktəbdə yüksələrək direktor vəzifəsini tutub: “Məktəbimizin direktoru yaşı ilə əlaqədar olaraq təqaüdə çıxdı. Direktorların işə qəbulu müsabiqəsinə qatıldım və 50 bal toplayaraq 2019-cu ilin sentyabrından məktəbimizdə direktor vəzifəsinin icrasına başladım”.
“Torpaqların yiyəsi olaraq ürəklə, həsrətlə girirdik o yerlərə”
2020-ci ilin sentyabrından direktorluğa ara verərək vətəninin sərhədlərini bərpa edən şagirdlərinə dəstək olmağa, onlarda ruh yüksəkliyi yaratmağa, yetirmələri ilə çiyin-çiyinə vuruşmağa gedib: “Müharibə itkisiz olmur. Hələ hücum edib itki verməmək heç mümkün deyil. Üstəlik, Vətən müharibəsi artilleriya savaşı idi. Düşmən bizimlə qarşı-qarşıya gələ bilmirdi. Elə istehkamlar qurmuşdular ki, onu yara biləcəyimizə qətiyyən inanmırdılar. Hər halda hələ də bu reallığı qəbul edə bilmirlər. Ancaq bir məqamı unudurlar ki, bir millət olaraq 30 il idi biz bu günü gözləyirdik. Qarşımıza nə qədər sədlər çıxartsalar da, hamısını aşacaqdıq. Torpaqların yiyəsi olaraq ürəklə, həsrətlə girirdik o yerlərə. Yaralı dostlarımızı çiynimizdə irəli aparırdıq özümüzlə. Bu müharibənin nəticəsi ancaq qələbə ola bilərdi, başqa cür olsa, təəccüb doğurardı”.
“Mən də şəhid ola bilərdim”
“Müharibənin ən çox təsir edən yanı silahdaşlarını, dostlaşdığın insanları itirməkdir”, - deyir. Buğday müəllim həm müharibədə öz şagirdindən əmr almağın qürurunu, həm də onu itirməyin acısını yaşayıb: “Bölük komandirim kəndimizin oğlu, məktəbimizin şagirdi idi: Murad İbadov. Müharibədən qalan ən acı xatirələrimdən biri də məhz Muradla bağlıdır. Onun şəhid olduğu o günü, o döyüşü unuda bilmirəm. Ağdərə istiqamətində gedən döyüşlərdən birində şəhid oldu. Bəzən müharibədə onun ağırlığını tam mənasında hiss edə bilmirsən. Yaxınını, dostunu, şagirdini, həmkəndlini itirirsən. Heç nəyə baxmayaraq, ağır vəziyyətdə olan silahdaşlarına yardım etməyə can atırsan. Hətta əlindən heç nə gəlmədiyini bilə-bilə çiynində kilometrlərlə daşıyır, heç bir ağırlıq hiss etmirsən. Özünü düşünmür insan cəbhədə. Bir dəfə mövqeyimizi dəyişmək üçün gözlədiyimiz sığınacağa mərmi düşdü. Orda bir neçə şəhidimiz oldu. Mən də şəhid ola bilərdim, amma olmadım”.
O, şəhid olmasa da, ailəsi onun şəhidliyini yaşayıb. Yanlışlıqla onun şəhid olduğunu düşünərək yasa batıblar: “Köhnə bir telefon götürmüşdüm cəbhəyə gedəndə. Dalğa tutanda arada ailəmlə danışırdım. Bir dəfə mərmi telefonlarımızın olduğu yeri dağıtdı. Danışmağa telefon olmadı. Evdən narahat olduqları üçün komandirimin telefonuna zəng ediblər. Arada onun telefonu ilə evdəkilərlə əlaqə saxladığımdan, nömrəsi onlarda vardı. Komandir isə yaralı olduğu üçün bizim yanımızda deyildi. Zəng vuran qardaşıma yaralı olduğunu, məndən xəbəri olmadığını deyib. Ailəm də mənim şəhid olduğumu düşünüb. Bir gün ərzində bu xəbərin acısı ilə qıvrılıblar. Yaxşı ki, onlara zəng etdim və sağ olduğumu öyrəndilər”.
Arxa cəbhə də döyüşürdü
Tarix müəllimi hesab edir ki, millət olaraq indiyə qədər bir çox uğurlara, qələbələrə imza atmış olsaq da, Qarabağ müharibəsində olduğu kimi həmrəy olduğumuz vaxtlar olmayıb: “Məncə, millətimiz məhz indi millət olaraq böyük bir yol keçdi. Sadəcə ön cəbhə döyüşmədi, arxa cəbhə də onunla bərabər döyüşdü. Hər kəs əlindən gələni etdi. İnsanlar sanki ön cəbhəyə getmək üçün bəhanə axtarırdılar. Min cür maneələri aşıb bizə yardım, yemək, ərzaq gətirənlər vardı. Buraxılmamalarına baxmayaraq, həyatlarını təhlükəyə atıb gəlirdilər. Bu müharibədə yalnız böyüklər savaşmadı, uşaqlar - şagirdlərimiz də savaşdı. Onlar da məktublarıyla ön cəbhədə - yanımızdaydılar. Bir neçə məktub aldım şagirdlərimizdən. Oxuyub bir-birimizə ötürürdük məktubları. O qədər maraqlıydı ki, onların sevgisini, dəstəyini hiss etmək. İnsana ruh verirdi hər söz, hər cümlə”.
Buğday Azadə böyüyür
Buğday müəllimin şəhid olduğunu düşündükləri gün ailə onu itirməyin acısını iliyinə qədər hiss etdiyindən olmalıdır ki, yanvar ayında ailəyə daxil olan körpəyə də “Buğday” deyiblər, əmisinin adını veriblər: “Mən müharibəyə gedəndə qardaşımın yoldaşı hamiləydi. Öz ürəyimdə düşünmüşdüm ki, mən müharibədən qayıtmasam, yəqin körpəyə mənim adımı verərlər. Ürəyimdən keçsə də, bu barədə heç kimə heç nə deməmişdim. Sağ-salamat qayıtsam da, yenə də qardaşım doğulan körpəsinə mənim adımı verdi. Mən Babəkin oğlu Buğdayın adını daşıyıram, artıq mənim də adımı daşıyan qardaşım oğlu var”.
Cəyirliyə qonşu Çalov kəndində doğulub-böyüyən Buğday müəllimə atası Babək oğlu Buğdayın adını verib. O da adını qürurla daşıyıb. Qardaşı oğlu Buğday isə Vətən müharibəsinin veteranı Buğday Azadənin adını daşıyacaq.
Həm ailəsində, həm məktəbdə vətənpərvərlər yetişdirir
2013-cü ildən ailə həyatı quran Buğday Azadə ocağında 2 övlad böyüdür. Məktəbdə isə 18 müəllimlə 164 şagirdin təhsil alması, vətənpərvər olaraq yetişməsi üçün çalışır. Məktəbdə tarix müəllimi kimi də vəzifəsinin öhdəsindən layiqincə gəlir. Hazırda direktoru olduğu məktəbdə - işinin başındadır: “3 ay şagirdlərimə dərs deyə bilmədim. Tarix fənni üzrə dərslərimizə fasilə versəm də, ən müasir tariximizin şərəfli səhifələrinin yazılmasında iştirak etdiyim üçün qürur duyuram”.
Buğday müəllim həm ailəsində, həm məktəbdə vətənpərvərlər yetişdirəcəyindən məmnundur: “İnsanları məktəb yetişdirir. Bu prosesin də iştirakçısı olduğum üçün qürur duyuram. Sağlam düşüncəli, vətənsevər, millətinə və dövlətinə bağlı insanlar yetişdirmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Buğday Azadənin direktoru olduğu, şəhid Rasim Hüseynovun adını daşıyan Cəyirli kənd ümumi orta məktəbi Qarabağ uğrunda indiyədək 6 şəhid verib. Rasim Hüseynov, Ayaz Quliyev və Hicran Səmədov 1993-cü il şəhidləridir. Həmin vaxt itkin düşən Mirtalıb Babayevdən hələ də xəbər yoxdur. Elxan Məmmədov, Murad İbadov və əslən Cəyirli kəndindən olan Hacıqabul rayonu Muğan qəsəbə sakini Səbuhi Əhmədov isə Vətən müharibəsinin şəhidləridir.
Ruhiyyə DAŞSALAHLI