Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçən tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəklərinə ekskursiyaları təşkil edilib.
Belə ki, təyin olunmuş ayrı-ayrı vaxtlarda Naxçıvan Universitetinin Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Alman dili, Coğrafiya, İngilis dili, Fiziki tərbiyə və Tarix ixtisasları üzrə təhsil alan 90 tələbəsi, Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika ixtisasları üzrə təhsil alan 194 tələbəsi mərkəzin STEAM, Robotexnika, Memarlıq-Dizayn, Mental-Aritmetika və digər yaradıcı dərnəkləri ilə tanış olacaqlar. Tələbələr ekskursiya müddətində nəzəri məlumatlar əldə edəcək, praktiki təcrübə qazanacaqlar.
Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev qeyd edib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqəsədilə məktəbdənkənar təhsil müəssisələrinin tədris bazası gücləndirilib, yeni innovativ dərnəklər yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Sonra tələbələr innovativ dərnəklərlə tanış olublar.