Azərbaycan birgəyaşayış modelinin universal nümunəsidir


Azərbaycan özünün son 200 illik tarixi ərzində çox ciddi siyasi proseslərə şahidlik edib. Tariximizin ayrı-ayrı mərhələlərində düşmən  qüvvələrin müxtəlif hücumlarına, məkrli planlarına hədəf olan Azərbaycan bununla belə yaşadığımız coğrafi məkanda və eləcə də müasir beynəlxalq münasibətlər sistemində özünün multikultural dəyərlərə, humanizm  ideyalarına, birgəyaşayış normalarına  sadiqliyi, başqa milli-etnik dəyərlərə tolerant münasibəti ilə seçilib və bu siyasət dünya birliyi,  sivil ölkələr tərəfindən yüksək qiymətləndirilib. Dünya birliyinə o da məlumdur ki, Azərbaycan son 30 ildə Ermənistanın şovinist, düşmənçilik siyasəti, hərbi ekspansiyası  ilə nəticələnmiş ərazilərimizin işğal faktı ilə yaşayıb və yalnız 2020-ci ilin 27 sentyabrından erməni təxribatlarına  qarşı Müzəffər Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatları ilə  Böyük Zəfərə imza atıb.

 

Bu qələbə həm də bütün dünyada  ərazilərin toxunulmazlığı prinsipinin,  hər bir insanın öz doğma, əzəli  yurdunda yaşaması hüququnun  bərpa olunması yolunda  tarixi ədalətin təntənəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində yeni reallıqlar yaratdı.  Bu reallığı  Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında  bir daha  dünya birliyinin diqqətinə çatdırdı: “İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. İndi Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.

 

Revanşist planları Ermənistanı intihara aparan yoldur

 

Azərbaycanın yaratdığı reallıqların ən mühüm nümunələrindən biri regional təhlükəsizliyə, xalqların dinc yanaşı yaşamasına xidmət edən, müharibə cəhdlərinə birdəfəlik son qoyan  və davamlı sülhə nail olunmasıdır.  Birmənalı olaraq qeyd edək ki, Ermənistanın gələcəyi birgəyaşayış normalarına əməl etməsindən və revanşist ideyalardan əl çəkməsindən keçir. Çünki bu revanşist planları Ermənistanı intihara aparan yoldur.

 

Monoetnik Ermənistanın bir sıra müharibə quzğunlarının, öz xalqını uçuruma salan üzdəniraq “lider”lərinin  illərlə xalqların birgə yaşamasının qeyri-mümkünlüyünə dair sərsəm, heç bir gələcəyi olmayan cəfəng bəyanatlarına cavab olaraq 44 günlük Vətən müharibəsinin nəticələri  Ermənistan üçün ayıldıcı dərs olmalıdır.  Ermənistandan fərqli olaraq Azərbaycan tarixən müxtəlif xalqların və etnik qrupların birgə yaşamasına şərait yaradan, fəqli dinlərə, mədəniyyətlərə sahib xalqların birgəyaşayış modelini dövlət səviyyəsində dəstəkləyən ölkə kimi tanınıb.  Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün təşkil olunmuş mətbuat konfransında ölkəmizin birgəyaşayış ənənəsinə sadiqliyini nümayiş etdirdi:  “Bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının  birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır”.

 

Birgəyaşayış modelinin universal nümunəsi

 

Azərbaycanda tarixən bütün xalqların yaşamaq hüququ təmin edilib,  hüquq və azadlıqları Konstitusiyamızda təsbit olunub. Azərbaycanda heç zaman  digər dillərdə danışan xalqlara qarşı ayrı-seçkilik, dini dözümsüzlük halları müşahidə olunmayıb.  “Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.  Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır”.

 

Prezident  İlham Əliyevin Azərbaycanın çoxmillətli bir dövlət olduğunu, burada yaşayan bütün millətlərin əmin-amanlıq içərisində yaşadığı kimi ermənilərin də bir Azərbaycan vətəndaşı olaraq sülh şəraitində yaşaya biləcəyini  keçirdiyi mətbuat konfranslarında vurğulaması Azərbaycanın nə qədər tolerant bir ölkə olduğunun sübutudur. Monoetnik bir ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycan bu tolerantlıq nümunəsi ilə tarixən dünyada birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Belə ki, ölkəmizdə yaşayan bütün millətlər sülh şəraitində yaşayırlar və bərabər hüquqlara malikdirlər.

 

Davamlı sülh naminə

 

44 günlük Vətən müharibəsinin nəticələri bütün dünyaya Azərbaycanın yaranmış indiki reallıqda  sülhə,  beynəlxalq hüquqda təsbit olunmuş ölkələrin dinc yanaşı yaşaması prinsiplərinə nə qədər sadiq qaldığını nümayiş etdirdi. Həm də onu göstərdi ki, davamlı sülh modeli region və eləcə də bütün dünya üçün ən güclü nemətdir, bu gün bütün dünyanı fəlakətdən qurtaracaq yeganə ümumbəşəri dəyərdir. Buna görə də davamlı sülhə nail olmaq bu gün ən prioritet vəzifədir. Və bu dəyər eyni zamanda regionun gələcək inkişafını təmin edəcək əsas amildir. Birgəyaşayış prinsipi ilə əməkdaşlıq edilməsi, bu əməkdaşlıqla dayanıqlı inkişafa zəmin hazırlanması davamlı sülh üçün atılacaq doğru addımlardır və bu addımların hər biri parlaq gələcəyə xidmət edəcəkdir. Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, “düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış  Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq”. 

 

Şübhəsiz ki, regionda təhlükəsizliyin təmin olunması və inkişafın davamlı xarakter almasında  mühüm əhəmiyyət daşıyan birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Ölkə rəhbərliyi Böyük Qələbənin yaratdığı tarixi şəraitdən istifadə edərək yeni regional əməkdaşlıq formulunu təklif edir: “Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələrin aradan qaldırılmasıdır. Azərbaycanın yaratdığı bu imkan baş tutarsa, Ermənistan da mənfəət əldə edəcək, onlar da sülhün xeyrini görəcəklər”. 

 

Atılan addımlar gələcəyə xidmət etməlidir

 

Digər tərəfdən, qeyd olunmalıdır ki, birgəyaşayış prinsipi dayanıqlı inkişaf üçün əsas yaradır. Azərbaycanın bu məsələyə yanaşması da ölkəmizin bir daha ümumi dəyərlər sisteminə nə qədər bağlı olduğunu nümayiş etdirir: “Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsidir,  müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər - Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Ancaq bu proseslər gedir və bu proses müsbət istiqamətdə gedir”,-deyə ölkə başçısı bildirib.  

 

Prezident İlham Əliyev xarici və yerli mətbuat nümayəndələri ilə görüşdə regionda qarşıdurmalara deyil, inteqrasiya proseslərinə təkan verilməsi zəruriliyini diqqətə çatdırıb:  “Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz  indi rusiyalı sülhməramlı qüvvələrin yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalisinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir”.

 

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan birgəyaşayış formulunun müsbət nəticələrindən istifadə edərək uzunmüddətli sülh və gələcəyə hesablanan siyasi kursun davam etdirilməsində qətiyyətlidir.  Çünki bu kurs Azərbaycanın əsas təşəbbüskarı olduğu regional təhlükəsizlik sisteminin qurulması və möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır”.

 

Oruc MUSTAFAYEV