Prezident İlham Əliyev: “Gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır”
Gənclik ictimai-siyasi proseslərdə hər zaman öndə gedən, ölkənin siyasi həyatında fəal iştirak edən aparıcı qüvvədir. Onun istər milli məsələlərin ortada olduğu məqamlarda, istər ayrı-ayrı taleyüklü məsələlərdə fərqli əhvali-ruhiyyə ilə önə çıxması, kəmiyyət etibarı ilə çoxluq təşkil etməsinin kifayət qədər praktik nümunələri mövcuddur. 44 günlük Vətən müharibəsində gəncliyin oynadığı rol bunun ən uğurlu örnəklərindən biridir desək, yanılmarıq.
Vətən müharibəsi birmənalı şəkildə sübuta yetirdi ki, müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış, bilikli gənc nəsil yetişib. Qarabağ torpaqlarını işğaldan qurtaran, göz qırpmadan Vətən uğrunda canını fəda edən cəsur gənclik məhz Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Böyük Zəfərlə başa çatan Vətən savaşımızda bu gəncliyin təkcə vətənpərvərliyi qürur doğurmadı, onun həm də öz kökünə bağlılığı, heç vaxt görmədiyi doğma torpaqların tarixinə yaxından bələdçiliyi, unutqan olmaması hər kəsə sonsuz sevinc hissləri yaşatdı.
Prezident İlham Əliyev Vətən müharibəsində gəncliyin rolunu hər çıxışında qeyd edir, yüksək qiymətləndirir: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Bu günümüzün danılmaz reallığı həqiqətən də belədir: Azərbaycanda milli ruhda yetişmiş gənc nəsil var və bu gəncliyin önündə iradəli, heç bir güc mərkəzindən çəkinməyən, ölkəsinin milli maraqlarını müdafiə edən qətiyyətli, güclü LİDER var. Bu sarsılmaz birlik, möhtəşəm tandem Azərbaycanın gələcəkdə daha böyük uğurlara imza atacağına inam bəsləməyə əsas verir.
Amma bu reallıq hansısa formada arxayınçılıq hissləri doğurmamalıdır. Yetkin, savadlı, milli ruha bağlı, vətənpərvər gəncliyin formalaşması, onlarla düzgün ideoloji işin aparılması bundan sonra da əsas vəzifələr sırasında yerini qoruyub saxlamalıdır.
Unutmaq olmaz ki, gənclik hər zaman cəmiyyətin enerjili hissəsidir. Əgər bu qüvvə ilə düzgün təbliğati iş aparılmasaydı, tam əksi də ola bilərdi. Güclü, vətənsevər gənc nəsil təkcə ailədə yetişmir, o, belə pozitiv keyfiyyətləri həm də təhsilində qazanır; şəxsiyyətinin mükəmməl, müsbət cizgiləri məktəb, universitet auditoriyasında formalaşır. Sözsüz ki, təhsil vətənpərvərlik məsələsini heç vaxt arxa plana keçirmir, əksinə öndə tutur, biliklərin tədrisini bu vacib təbliğatla paralel aparır və aparmaqda davam edir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayındakı yekun nitqində gənc nəsillə davamlı işin aparılması üzərində xüsusi dayanması heç də təsadüfi deyildi. Söhbət ondan gedir ki, bu gün sosial şəbəkələrin, azad internetin verdiyi geniş imkanlardan məqsədli şəkildə yararlanıb yaxın tariximizin təhrif olunması, gəncliyin səhv istiqamətə yönləndirilməsi kimi meyllər hələ də mövcuddur. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələnə qədər ölkədə hansı proseslərin baş verdiyini yaşlı nəsil yaxşı bilir, çünki bunun əyani şahidi olub. Lakin Azərbaycanın 20 və ya 30 yaşlı gənci həmin hadisələri gözləri ilə görməyib. Ola bilsin, bunu hardasa oxuyub, eşidib, bəlkə yanlış, bəlkə doğru, lakin o prosesləri yaşamayıb, öz həyatında hansısa şəkildə hiss etməyib deyə, həqiqəti obyektiv, dürüst mənbələrdən eşitməyə ehtiyacı var.
1991-1992-ci illərin ümumi mənzərəsi olduğu kimi izah edilməlidir: ölkə parçalanmaq təhlükəsi ilə üzləşmişdi, cəbhədəki əsl düşmən unudularaq daxildə silahlı dəstələr hakimiyyət uğrunda mübarizəyə girərək bir-birlərinə atəş açırdı, təsadüfi, savadsız, təcrübəsiz adamlar dövlət idarəetməsini küçə səviyyəsinə endirmişdi, ölkənin iqtisadiyyatı dağıdılmışdı və bütün sferalarda tam bir xaos hökm sürürdü. Bu izah ona görə lazımdır ki, həmin siyasi vəziyyətin müəllifləri, müəyyən xarici dairələrə bağlı şəxslər, ötüb keçən zamanı fürsət bilərək bu gün öz çıxışlarını, siyasi fəaliyyətlərini məhz həmin dövrü gözləri ilə görməyən yeni gənc nəsil üçün hesablayırlar; onları ələ almağa, enerjilərini mənfi istiqamətə yönləndirməyə çalışırlar.
Bu səbəbdən gənclərin düzgün istiqamətdə maarifləndirilməsi, tərbiyə edilməsi aktuallığını heç zaman itirməyən məsələdir; bu aktuallıq gənclərimizlə mütəmadi işləmək tələb edir. Prezident İlham Əliyev qurultaydakı çıxışında gənc nəslin düzgün istiqamətdə tərbiyə edilməsinin gündəlik fəaliyyətimizə çevrilməsinin vacibliyinə buna görə diqqət çəkdi: “Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir və bizə qarşı nə qədər çirkin kampaniyalar aparılıb, istisna edilmir ki, gələcəkdə də aparılacaqdır. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq-bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq. Biz buna imkan verə bilmərik. Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir...”.
Dövlət başçısı qurultayda gənclərlə təbliğat işini həm də hakim partiyanın veteranlarına tövsiyə etdi. Ona görə ki, yaxın 30 ilin bütün tarixi, siyasi təfərrüatları yaşlı nəslin şahidliyi, müşahidəsi, bəzi hallarda iştirakı ilə baş verib. Demək ki, gənc nəslin nümayəndələri ilə görüşlərdə onlara yaxın tariximizlə bağlı veriləcək məlumatlar canlı şahidlərin faktları ilə mötəbərlik qazanmış olardı.
Üstəlik, Prezidentin çıxışındakı gənclərlə bağlı mühüm məqamlar düzgün ideoloji iş aparmaq vəzifəsini hər kəsin üzərinə qoyur.
Müstəqilliyinin 30 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan dövləti bu dövrdə daha da güclənib. Ölkəmiz böyük güc mərkəzlərində təmsil olunmaq və belə qurumlara rəhbərlik etməyə qədər irəliləyib; tam müstəqil, maliyyə baxımından heç kimdən asılı olmayan dövlətə çevrilib. Dünya çapında güclü ordu quran Azərbaycan təkbaşına işğal altında olan toraqlarını düşmən tapdağından azad edib və hansı imkanlara malik olduğunu sübuta yetirib. Təbii ki, bu vəziyyət Azərbaycanın daha da güclü olmasını istəməyən bəzi dairələrdə qısqanclıq doğurur. Bu isə bütün cəmiyyətimizin daha fəal olmasını, gənc nəsillə işin yeni dövrün tələblərinə uyğun daha da gücləndirilməsini zəruri edir.
Elman BABAYEV,
Əməkdar jurnalist