Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda vebinar keçirilib.

 

Fakültənin dekanı, dosent Əşrəf Ələkbərov startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.  

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abdinov tələbələrlə təşkil olunan görüşlərin faydasından bəhs edərək bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir. Şöbə müdiri qeyd edib ki, yeni startap layihələrinin hazırlanması həm muxtar respublikanın inkişafı, həm də gənclərin layihələrinin tətbiqi baxımından mühüm rola malikdir.  

 

Nazirliyin əməkdaşı Mehparə Məmmədova “Beynəlxalq platformada startaplar” mövzusunda çıxış edib və startap layihələrinin cəmiyyətdə baş verən müəyyən ehtiyaclardan yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, keçirilən görüşlər və stimullaşdırıcı tədbirlər layihələrin həyata keçirilməsində, ideyaların verilməsində tələbələrin daha fəal iştirakına şərait yaradır. O, tələbələri xüsusilə muxtar respublikanın inkişafını təmin edəcək yeni layihələr yaratmağa səsləyib.