“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı gənc aşıqların onlayn respublika müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Aşıqlar Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
“COVİD-19” pandemiyası ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu sahənin ölkəmizin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarət olub.
Tədbirin rəsmi açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və əməkdar incəsənət xadimi, YUNESKO-nun qeyri-maddi irsinin eksperti Sənubər Bağırova çıxış ediblər.
Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Əhliman Rəhimov, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Fəzail Orucov, əməkdar artist, Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Şuşa Humanitar Kollecinin müəllimi Məharət Şərifli təmsil olunub.
Müsabiqə qalibləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin diplom və dəyərli hədiyyələri ilə mükafatlandırılıb, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqə 4 yaş qrupu (9-11, 12-14, 15-17, 18-20) və 3 nominasiya – “Qarabağa aid müxtəlif xarakterli aşıq havaları”, “Gözəlləmə”, “Müxəmməs” üzrə 2 mərhələdə təşkil edilib və ümumilikdə 200 nəfər iştirak edib. Müsabiqə çərçivəsində aşıq sənəti üzrə peşəkar müəllimlər tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş onlayn ustad dərsləri təşkil edilib. Canlı yayımlanan ustad dərslərinin videoçarxlarına geniş auditoriya tərəfindən 66 000 izləmə sayı qeydə alınıb.