Azərbaycan Qarabağ müharibəsində dünyanın diqqətini həm də ordusunun gücünə görə özünə cəlb etmişdi. Bu, qətiyyən mübaliğə deyil. Müharibənin gedişində dünyanın bir sıra ölkələrinin xəbər portallarında hərbi uğurumuzdan bəhs olunur, Azərbaycanın bir sıra xarici ölkələrdən, xüsusən Türkiyədən aldığı modern silah növləri müzakirə müstəvisinə gəlirdi. Xarici jurnalistlər dövlət başçısı ilə müsahibələrində bu hərbi uğurların sirrini öyrənməyə çalışırdı. Elə buna görə də II Qarabağ müharibəsində “Azərbaycan təcrübəsi” anlayışı meydana çıxdı.
Prezident İlham Əliyevin fikirlərinə diqqət edək:”Güc faktoru öz aktuallığını qoruyub saxlayır. Əlbəttə ki, hərbi sahədə müharibə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.
Burada daha müasir ordu yaratmaq vurğusu var. Demək ki, müharibə bitsə də, ordu quruculuğu siyasəti bundan sonra da uğurla davam etdiriləcək. Azərbaycan hərbi quruculuqla bağlı prioritetlərində davamlı addımlar atacaq. Nəyə görə? Çünki Prezidentin də qeyd etdiyi kimi, hər bir dövrün tələblərinə hazırlıq indidən olmalıdır və güc faktorunu qoruyub saxlamaq mütləq vacibdir.