Hamı bilir ki, Azərbaycan siyasi müstəqilliyini əldə etməklə, eyni zamanda iqtisadi müstəqilliyini də qazandı. Zaman sübut etdi ki, ölkənin ikişafına, uğurlu gələcəyinə təminat həm də iqtisadi müstəqillikdən keçir. Əgər siyasi müstəqillik təmin olunmasaydı, ölkəmiz iqtisadi layihələrdə sərbəst qərar verə bilməzdi; neft kəmərləri, strateji nəqliyyat dəhlizlərinin çəkilməsində  söz sahibi olmayacaqdı.

 

“Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsi ilə ölkəmiz böyük iqtisadi dividentlər qazandı. Əldə etdiyimiz iqtisadi gəlir regionların iqtisadi inkişafını sürətləndirdi; Azərbaycanda həyat səviyyəsi yüksəldi; sosial layihələr həyata keçirildi; qaçqın və köşkünlərin mənzillə təminatı, şəhid ailələrinin, Qarabağ əlillərinin evlə təmin olunması məsələləri öz həllini tapdı. Və bu siyasət bu gün də davam etdirilir.

 

Avropanın enerji təhlükəsizliyi məsələsində uğurlu əməkdaşlıq, Azərbaycanda siyasi sabitliyin mövcudluğu digər qlobal layihələrin də işlənilməsinə etibarlı zəmin hazırladı və ölkəmizin tranzit potensialı beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirildi. Baki-Tiflis-Qars dəmiryolu çəkildi, “İpək Yolu” layihəsi həyata vəsiqə qazandı. Cənub-Qərb nəqliyyat dəhlizi  gündəmə gəldi. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayıldı. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradıldı. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşuldu. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

 

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli hesab olunur. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

 

Bütün bu sadalanan və sadalanmayan layihələrin həyata keçirilməsi  Azərbaycana iqtisadi potensialını artırmaq şansı verir.  

 

Prezident İlham Əliyev hakim partiyanın qurultayında cəmiyyətə bu istiqamətdə mesajlar verdi:”Davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur. Ölkəmizə gələn investisiyalar dayanmadan artır. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında biz yaxşı yerlərdəyik. Cari ildə təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirməyə müvəffəq olmuşuq”.

 

Göründüyü kimi, yerləşdiyi əlverişli coğrafi mövqe Azərbaycana beynəlxalq əməkdaşlıqda yaxından iştirak imkanları yaradır və Azərbaycan dövləti bu mövqedən milli maraqların təmin olunması istiqamətində düzgün faydalanır.