AMEA və Təhsil Nazirliyi səmərəli əməkdaşlığı davam etdirir


Müasir dövrün reallıqları ölkələr qarşısında həlli vacib vəzifələr qoyur. Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsilin payına düşür. Məhz elm və təhsilin üzvi surətdə vəhdəti biliklər iqtisadiyyatının  inkişafına yol açmaqla  insan kapitalının formalaşmasını və  rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini  şərtləndirir.  Son illərdə Azərbaycanın elm və təhsili sahəsində əldə edilən ən mühüm yeniliklərlə  AMEA-nın Rəyasət Heyətinin iyunun 8-də respublikamızın elm və təhsil elitasının iştirakı ilə keçirilən ümumi  yığıncağında  yaxından tanış olmaq olardı.

 

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib. O, Akademiyanın Rəyasət Heyətinin 2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət müddətinin başa çatdığını, bu müddətdə prioritet istiqamətlər üzrə bir çox nailiyyətə imza atıldığını bildirib: “Bu gün Akademiya elmi problemlərin həlli ilə bərabər, respublikamızın ictimai və iqtisadi inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edir”.

 

Akademik Akif Əlizadə AMEA-da həyata keçirilən sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətdən, hüquqi islahatlar, ictimaiyyətlə əlaqələrin qurulması sahələrindəki uğurlardan da söz açıb.

 

Elm və təhsil vahid sosial institut kimi

 

AMEA-nın prezidenti çıxışında qeyd edib ki, son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb. Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Akif Əlizadə diqqətə çatdırıb ki, yüksək ixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb. AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər  olunub. Natiq elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorantura  təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd edərək, son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib: “Son beş ildə əsas uğurlarımızdan biri “Web of Science”, “Scopus”, “Google” bazaları üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlıdır”. Hazırda beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsinin elmi məhsuldarlığın dinamikasına müsbət təsir göstərdiyini deyən natiq bildirib ki, bu məqsədlə “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında saziş imzalanıb.  Sazişə əsasən, AMEA-nın bütün elmi müəssisələrində çalışan alimlər “Web of Science” bazasından istifadə imkanı əldə edib: “AMEA-nın əksər elmi müəssisələrinin “Web of Science” bazasında vahid profili mövcuddur. Bu profillər vasitəsilə elmi müəssisələrin və əməkdaşların nəşr aktivliyini, H (Hirş) indeksini və istinad göstəricilərini asanlıqla əldə etmək mümkündür”.

 

Təhsil-tədqiqat-innovasiya

 

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən birinin bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılması olduğunu bildirib: “Təsadüfi deyil ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub, bu da elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına diqqətin artırılmasını zəruri edib”.

 

Elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışan nazir dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlığın öz müsbət nəticələrini verdiyini diqqətə çatdırıb.  Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75% artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68% artım qeydə alınıb.  Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb.  2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb, ilkin təhlillərə əsasən, 1118 elmi  tədqiqat işinin təxminən 43%-i ali təhsil müəssisələrinin payına düşüb: “Onu da diqqətə çatdırım ki, yalnız Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunur”.

 

Elm və təhsilin inteqrasiyası

 

Müasir dünyada elm və təhsilin inteqrasiyası mühüm trendlərdən biri kimi çıxış edir.  Təhsil naziri qeyd edib ki, hər il ali təhsil müəssisələrində aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil edilir, mühüm elmi nəticələr ölkə üzrə hazırlanan ümumi hesabata daxil edilmək məqsədi ilə AMEA-ya təqdim olunur. 2017-ci ildə 152 mühüm elmi nəticə seçilərək AMEA-ya təqdim edilib.

 

Nazir əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması elmin inkişafını stimullaşdıran əsas amillərdəndir. Fond ilk dəfə olaraq, tədqiqatların akademik və təhsil qurumlarından olan alimlər tərəfindən birgə aparılması məqsədi ilə “Elm-təhsil inteqrasiyası” müsabiqəsi keçirib.  Müsabiqənin nəticələrinə əsasən, 71 layihə qalib elan olunub  ki, onlardan 69-u təhsil müəssisələrində çalışan alim və mütəxəssislərin rəhbər və icraçı qismində iştirakı ilə həyata keçiriləcək. Unikal formatda aparılacaq birgə tədqiqatlara 4 milyon 90 min manat vəsaitin təxminən 50/50 faiz nisbətində yönəldilməsi nəzərdə tutulub. 

 

Tədqiqat universiteti yaradılır 

 

Ceyhun Bayramov qeyd edib ki,  Təhsil Nazirliyinə tabe olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 216 sifariş verilib, ixtiralara alınan patentlərin sayı isə 159 olub  ki, onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb. Onu da qeyd etmək lazımdır ki, universitetlərin mövcud elmi potensialı patentlərin sayının əhəmiyyətli şəkildə artırılmasına imkan verir. Bu baxımdan mövcud elmi potensialdan səmərəli istifadə edərək elmi tədqiqatların keyfiyyət əmsalının artırılması, nüfuzlu beynəlxalq nəşrlərdə elmi məqalələrin çapının genişləndirilməsi, tədqiqat nəticələrinin daha geniş tətbiqinə nail olunması ali təhsil və elmi tədqiqat müəssisələri qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlərin sistemli şəkildə davam etdirilməsi, ölkəmizdə elmi potensialın formalaşdırılması və davamlı inkişaf etdirilməsi məqsədi ilə AMEA ilə birlikdə “tədqiqat universiteti”nin yaradılması istiqamətində işlərə başlanılıb.

   

Əməkdaşlıq üçün geniş platforma

 

Son illər Təhsil Nazirliyi və AMEA arasında əməkdaşlığın yeni istiqamətləri müəyyən edilib,  həyata keçirilən layihələrdə  uğurlu nəticələr əldə olunub.  AMEA-da magistraturanın yaradılması elm və təhsilin inteqrasiyası, eləcə də AMEA və Təhsil Nazirliyi arasında əməkdaşlıq üçün geniş platforma formalaşdırıb: “Əminik ki, ölkə Prezidentinin bu tarixi qərarı Azərbaycanda elm və təhsilin tərəqqisinə, intellektual potensialın artırılmasına və insan kapitalının inkişafına güclü təkan verəcək. Bu istiqamətdə reallaşdırılan tədbirlərin davamı olaraq, cənab Prezidentin təşəbbüsü ilə magistratura səviyyəsində təhsilalanlara hərbi xidmətdən möhlət hüququ verilib və tələbə təqaüdlərinin məbləği artırılıb. Məhz bu siyasətin nəticəsidir ki, cari tədris ilində ali təhsil müəssisələrinin magistraturasına qəbul olunanların sayı əvvəlki illə müqayisədə 36%, qəbul olunan oğlanların sayı isə 74% artıb”.

 

Son illərdə elmi kadr hazırlığını təmin edən doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını diqqətə çatdıran nazir Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması”-  “Nizami”  layihəsinin həyata keçirildiyini bildirib. Layihə çərçivəsində ölkəmizdə doktorantura təhsili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, bu səviyyədə keyfiyyətin təminatı və beynəlmiləlləşmənin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Elmi-pedaqoji kadr hazırlığı

 

Nazir çıxışında hər bir ölkənin ali təhsil sisteminin inkişafında mühüm aspekt təşkil edən elmi-pedaqoji kadr hazırlığı məsələsinə də toxunub. Qeyd olunub ki,

 

Hazırda elmi-pedaqoji kadr hazırlığı ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Belə ki, ölkə üzrə doktorantura proqramları üzrə təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65%-i, elmlər doktoru üzrə təhsil alanların 50%-i ali təhsil müəssisələrinin payına düşür.

 

Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərinə göndərilən 3558 nəfərin 63%-ni magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər təşkil edir: “Əminəm ki, təhsilini uğurla başa vuran həmin gənclər ölkəmizdə elm və təhsilin inkişafına, elmi potensialın gəncləşməsinə mühüm töhfə verəcəklər”.

 

AMEA ilə səmərəli əməkdaşlıq dərinləşdiriləcək

 

Məlumdur ki, qloballaşan dünyanın müasir çağırışları kreativ düşüncənin hələ erkən yaşlardan inkişaf etdirilməsinin əhəmiyyətini daha da aktuallaşdırır. Ceyhun Bayramov qeyd edib ki, müasir təfəkkürlü və yaradıcı düşünən gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və onların tədqiqatçı-mütəxəssis kimi formalaşması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, “Sabahın alimləri” müsabiqəsini xüsusi qeyd etmək lazımdır.  Təhsil Nazirliyinin AMEA və digər tərəfdaşlarla birgə təşkil etdiyi müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri öz ixtiraçılıq bacarıqlarını nümayiş etdirir, seçilən layihələrdən ən yaxşıları ölkəmizi 75 ölkədən 1800-dən çox məktəblinin iştirak etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edirlər. Cari ilin mayında ABŞ-da təşkil olunan növbəti Beynəlxalq sərgidə şagirdlərimizin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb. 

 

Bununla yanaşı, ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti, şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi AMEA ilə səmərəli əməkdaşlıq edir. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, son 5 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar.  Bu tədbirlər şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşmasına zəmin yaradır.

 

AMEA-nın ümumi Yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən təsdiq olunmuş “Elm və təhsilin inteqrasiyası üzrə birgə fəaliyyət planı”  çərçivəsində tədbirlər uğurla həyata keçirilməkdədir. Cari və növbəti illərdə AMEA-nın yüksək elmi potensialı olan alimlərinin ali təhsil müəssisələrinin magistrant və doktorantlarına elmi rəhbər kimi cəlb edilməsinin genişləndirilməsi və AMEA-nın tanınmış alimlərinin təhsil müəssisələrində “ustad dərsləri”nin təşkili istiqamətində birgə tədbirlərin həyata keçirilməsi, elm-təhsil-innovasiya əməkdaşlığının dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

 

Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatların sahiblərinə təqdim olunma mərasimi keçirilib. Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə, Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər. Akademik Bahadır Tağıyevə AMEA-nın Nəsirəddin Tusi, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova AMEA-nın Həsən bəy Zərdabi, akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev,  akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları verilib. AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına isə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə Xalq rəssamı Tahir Salahov layiq görülüb. 

 

Fasilədən sonra AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib. Akademik Akif  Əlizadə yenidən AMEA-nın prezidenti, akademiklər  Nərgiz Paşayeva, İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri,  akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri seçiliblər. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. Bundan başqa, səsvermə nəticəsində akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri seçiliblər.

 

Oruc MUSTAFAYEV