Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində ən böyük xidmətlərindən biri ötən əsrin 90-cı illərində ölkəni  siyası xaos, anarxiya, hərc-mərclikdən xilas edərək,  dövlət müstəqilliyini  qorumaq və möhkəmləndirmək olub. 

 

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyətdə olan bəzi siyasətbazların səriştəsizliyi ucbatından müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı.

 

Ulu öndərin isə dövlət müstəqilliyinin  qorunması ilə bağlı qətiyyətli addımları, müəyyənləşdirdiyi siyasət  xalq tərəfindən yüksək qiymətləndirildi və dəstəkləndi. 

 

Məlumdur ki, Azərbaycanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmiş və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Prezident İlham Əliyev YAP-ın VII qurultayında bu məsələyə belə izahat verdi:“Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı.  Lakin Ulu Öndər Naxçıvan Muxtar Respublikasında  belə bir  referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”.

 

Əlbəttə ki, aradan ötən zaman məsafəsi elə də böyük deyil, Azərbaycan xalqı taleyimizin həll olunduğu həmin dönəmi çox yaxşı xatırlayır. Prezident İlham Əliyev də bu gün həmin illərə təsadüfi qayıtmır. Qarabağın azad olunması istər-istəməz bizləri bu münaqişənin başlandığı dövrə, həmin dövrün çatışmazlıqlarına, problemlərinə çönüb baxmağa vadar edir. Necə bir təlatüm yaşadı Azərbaycan? Hansı faciələrlə üzləşdi? Kimlər ölkədəki gərginlikdə rol oynadı və  Heydər Əliyevin şəxsiyyəti, siyasi səriştəsi, dövlət xadimi kimi təcrübəsi  Azərbaycan üçün necə bir xilas yolu oldu? Təbii ki, Azərbaycanın o zaman məhz Heydər Əliyevlə təhlükəsiz, firavan günləri başladı...