Naxçıvan Müəllimlər İnstitutunda   Naxçıvan Muxtar Respublikası Daxili İşlər  Nazirliyinin Orta İxtisas Polis Məktəbinin əməkdaşları üçün keçiriləcək ixtisasartırma kursunun açılış tədbiri olub.

 

Tədbirdə institutun rektoru Azad Novruzov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirildiyini, təhsilə yüksək qayğı göstərildiyini bildirib:”Təhsil verənlərin müasir tələblər səviyyəsində hazırlanması, ixtisasartırma və təkmilləşdirilməsi daima  diqqətdə saxlanılır. Son illər respublikamızda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi, müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlər görülüb, islahat proqramları həyata keçirilib”.

 

A.Novruzov Naxçıvanda təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması sahəsində aparılan mühüm işlərdən biri kimi yeni təhsil ocaqlarının yaradılması,  müasir ixtisaslar üzrə kadr hazırlığının aparılmasını qeyd edib.  Onun sözlərinə görə, belə təhsil müəssələrindən biri də Naxçıvan Muxtar Respublikası Daxili İşlər  Nazirliyinin Orta İxtisas Polis Məktəbidir.

      

Rektor bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir:”Məlim olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda  bakalavriat,  magistratura və  doktorantura səviyyələrində  kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Bu mənada Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ilə də əlaqələrin yaradılması və pedaqoji heyətin təkmilləşdirilməsi istiqamətində işlərin aparılması qarşıya qoyulmuş vəzifələridən biridir”.

        

Tədbirdə məlumat verilib ki,  Orta İxtisas Polis Məktəbi əməkdaşlarına 4 günlük ixtisasartırma təlimi keçiriləcək. İxtisasartırma kursunda müdavimlər “Ümumi təhsil sistemində yeni qiymətləndirmə”, “Təhsilin məzmunu. Dövlət standartları”,  “Hüquq pedaqogikası və psixologiyasının əsasları”, “Pedaqoji ünsiyyətin psixoloji problemləri” və s. mövzular əsasında biliklərini təkmilləşdirəcəklər.

 

Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxışında bildirib ki,  polis məktəbi məzunlarına Hüquq-mühafizə fəaliyyəti ixtisası və Polis kiçik leytenantı xüsusi rütbəsi verilir:” İxtisaslı kadrların hazırlanması işini həyata keçirən öyrədənlərin yeni texnologiyalar və müasir elmi biliklərlə təkmilləşməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Müəllimlər İnstitutunda əməkdaşlarımız üçün keçiriləcək ixtisasartırma təlimi bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir”.

 

Sonra proqrama uyğun olaraq ixtisasartırma təlimlərinə start verilib və ilk dərs institutun Pedaqogika və psixologiya kafedrasının müdiri, Pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin təqdimatında keçirilib.