Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasında 10 mart Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev sənət adamlarına diqqət və qayğı ilə yanaşan ölkə Prezidenti İlham Əliyevin 2013-cü il sərəncamına əsasən, hər il 10 martın ölkəmizdə Milli Teatr Günü kimi qeyd edildiyini bildirib.

 

“1873-cü il martın 10-da əsası qoyulmuş Azərbaycan milli teatrı və bundan 10 il sonra 1883-cü il mayın 11-də əsası qoyulmuş Naxçıvan teatrı uzun və şərəfli bir yol keçib”-deyən rektor Naxçıvan teatrı üçün ixtisaslı gənc aktyorların yetişdirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, muxtar respublikada teatr sahəsində ixtisaslı kadr hazırlığına diqqət göstərilir və universitetdə Aktyorluq sənəti ixtisasının olması bu sahədə görülən işlərin bariz nümunəsidir.

 

E.İsayev universiteti bu ixtisas üzrə bitirən tələbələrin muxtar respublikada teatr sahəsinə verdiyi töhfələrdən danışıb və gələcək perspektivləri dəyərləndirib. Həmçinin Aktyorluq ixtisası ilə yanaşı, gələcəkdə rejissorluq fəaliyyəti istiqamətində də peşəkar mütəxəssislərin hazırlanmasının qarşıya bir tələb kimi qoyulduğunu qeyd edib.

 

 “Azərbaycan teatrının yaranması və inkişafı” adlı çıxışında Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, xalq artisti Kamran Quliyev teatrın tarixindən və xalqın maariflənməsində, mədəniyyətimizin formalaşmasında onun əvəzsiz rolu haqda ətraflı məlumat verib.

 

Tədbirin sonunda Aktyor sənəti ixtisası üzrə IV kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir hissəyə baxılıb.