Müasir Azərbaycan müstəqilliyinin ilk illərindən uğurlu xarici siyasət kursu ilə dünya birliyinin diqqətini cəlb etmiş və layiqli tərəfdaş statusu qazanmışdır. Şübhəsiz ki, bu etimadın əsasında Azərbaycan rəhbərliyinin qətiyyətli, məqsədyönlü xarici siyasət kursu dayanır.
Bu illər ərzində xarici siyasət sahəsində müəyyənləşdirilmiş prioritetlər Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət etmişdir. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdu, bu, çox açıq və prinsipial siyasətdir.
Beləliklə də Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Uğurlu siyasət etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini daha da gücləndirməkdədir.