Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin məzmunlu islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizdə milli birliyin, həmrəyliyin güclənməsi ilə müşayiət olunmuşdur. Böyük Qələbənin yaratdığı yeni imkanlar Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltmişdir. Bütün bunlar isə Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də tam dəstəklənir. Siyasi partiyaların mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyərək ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur.
44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan -Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Məhz ideoloji prioritetlərin vəhdətliyi 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının səbəbidir.
Beləliklə də ideoloji prioritetlərin vəhdətliyi Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasına gətirib çıxarmışdır.