SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi


Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu münasibətlə iyunun 13-də Sumqayıt Dövlət Universitetində Heydər Əliyev məktəbində “Azərbaycanın siyasi tarixinə qurtuluş günü - Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı” mövzusunda tədbir  keçirilib.

 

Tədbirdə Əməkdar elm xadimi,  professor Şahlar Əsgərov,  SDU-nun professor müəllim və tələbə heyəti iştrak ediblər.

 

Rektor professor Elxan Hüseynov  Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb və bu gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki,ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoydu. Rektor onu da qeyd etdi ki, əgər xalqın təkidi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

 

Əməkdar elm xadimi, professor, Şahlar Əsgərov “Azərbaycanın siyasi tarixinə qurtuluş günü - Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı” mövzusunda məruzə  edərək  ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışıb. 

 

Tədbirdə “Diferensial tənliklər və optimallaşdırma” kafedrasının  dosenti, Əməkdar müəllim Əkbər Məmmədov “Qurtuluş  ərəfəsində  hakimiyyət  daxili  siyasi  böhran”, “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının müdiri, professor  Şirxan Səlimov “Ulu  öndərin Bakı və Gəncə  səfəri”, Tarix və coğrafiya fakültəsinin   II  kurs tələbəsi Rübabə Sadıqova “15 İyun 1993 – cü il  Qurtuluş  günü”, “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının dosenti, Əməkdar müəllimi Bəhram Məmmədli “Heydər Əliyevin Azərbaycanda ictimai – siyasi sabitliyin yaranmasında tarixi  xidmətləri” mövzularında çıxış edərək  Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafında həyata keçirdiyi islahatlardan söz açıblar.