Prezident İlham ƏLİYEV: “İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir”
Müəllimlərin, onların yetirmələrinin, bütövlükdə təhsil sisteminin də fəal iştirak etdiyi 44 günlük Vətən müharibəsi böyük qələbəmizlə başa çatdı. Azərbaycan öz torpaqlarını geri qaytardı. İki aya yaxın bir vaxtda illərdir uzanan böyük bir münaqişə ocağı söndürüldü. İndi dünyanın gözü ölkəmizdədir.Bizim üçün isə artıq tamamilə yeni bir mərhələ başlayıb. Xalq sadəcə müharibənin yaralarını sağaltmağa yox, həm də 30 illik işğalın nəticələrini aradan qaldırmağa çalışır. Azərbaycanın böyük qələbədən sonrakı yolu uzundur. “İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir”, - deyən Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bundan sonrakı hədəflərimizi dünyaya bəyan etdi. Dağılan yollarımızı yenidən çəkəcək, yıxılan evlərimizi ucaldacaq, müqəddəs yerlərimizi bərpa edəcəyik. Biz YOLA ÇIXDIQ. Qarabağa inkişaf gətirəcək yola yoldan başladıq.
Qarabağa gedən yol
Dünyanın hava yollarının bağlandığı bir vaxtda Qarabağa hava yolu açmaq üçün Azərbaycan İLK addımlarını atıb. Ağır texnika əraziyə gətirilib və dünya azərbaycanlılarını, Qarabağı görmək istəyən bütün əcnəbiləri gətirəcək təyyarələr üçün uçuş-enmə zolağı hazırlayır. Özü də burda sadəcə sərnişin deyil, ən ağır yük təyyarələrinin rahatca enib yenidən havalana biləcəyi uçuş-enmə zolaqları olacaq. Məlumata görə, uçuş-enmə zolaqları ilə yanaşı, aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq.
Bünövrəsi qoyulan ilk aeroportun qonaqlarını qarşılayacağı o gün uzaqda deyil.
Tikilməkdə olan aeroportdan gediş-gəlişi təmin edəcək avtomobil yolunun da əsası qoyulub. Nisbətən aran ərazidən çəkilən yol Şuşaya gedən yollardan biri olacaq.
“Bu yol Şuşaya aparır”, - deyib göstərəcəyimiz və sükanı qürurla o tərəfə çevirəcəyimiz ikinci yol qələbəmizin şərəfinə “Qələbə yolu” adlandırılıb.
Bir sözlə, Qarabağın inkişafına start verilib. Boşuna deyilməyib ki, inkişaf yoldan başlayır. Yeni yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.
Planlı iş
Qarabağ və ətrafındakı rayonlar haqqında danışarkən canlanan mənzərə binasız şəhərlər, evlərsiz kəndlər, yaşıllıqsız dağlardan ibarətdir. Bu bölgənin mövcudluğu işğala qədərdir. Ondan sonrası yoxdur. Təbii ki, bir də bərpadan sonra olacaq. Ancaq bunun üçün əvvəlcə plan qurulmalıdır. Böyük şəhərlərin baş planı tərtib edilməli, infrastruktur qurulmalı, planlı şəkildə tikinti başlamalıdır. Bu planda ilk növbədə tikiləcək şəhərlərin böyüməkdə olan əhalisi nəzərə alınmalıdır. Nədən ki, münaqişəyə qədər Ağdam şəhərində təqribən 40 minə yaxın insan yaşayırdısa, ötən dövr ərzində əhalinin sayı artaraq 50 mindən çox olub. Bu da o deməkdir ki, Ağdamda tikiləcək şəhərin planında artım dinamikası nəzərə alınmalı, minimum 70 minlik bir şəhər planlaşdırılmalıdır ki, işıqlı, günəşli Ağdamda məskunlaşmaq istəyən minlərlə insan burda rahatlıqla özünə yer tapa - yaşaya, oxuya, lazım gələndə müalicə oluna, ehtiyac duyanda haqqını araya bilsin.
Sadəcə böyük şəhərlər deyil, kəndlər də plan əsasında tikiləcək. Artıq ilk kəndlər üçün işlərə start verilib. Pilot olaraq icrasına başlanan kəndlər “ağıllı kənd” layihəsi əsasında qurulur.Zəngilan rayonunun üç kəndindən - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərindən başlayan layihə ilin sonunadək yekunlaşacaq. 1000-ə yaxın insanın yerləşdiriləcəyi kəndlərdə lazım olan bütün infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək.Bununla da kəndlər, sadəcə Qarabağ üçün yox, Azərbaycan üçün də bir nümunə, bir təcrübə olacaq. İnsanlar üçün maksimum əlverişli imkanların yaradıldığı və təqdim edildiyi maraqlı təcrübə. Nədən olmasın, Azərbaycanda insan dəyərlidir.
Qarabağ “yaşıl enerji” zonasıdır
“İşıqlı, günəşli” demişkən, Qarabağ həm də alternativ enerji mənbəyinə çevriləcək. Məlum olduğu kimi, Azərbaycan ərazisində bu istiqamətdə fəaliyyətə çoxdan start verilib. Ölkəmizdə bərpaolunan enerji sahəsinə investisiya cəlbinə, demək olar ki, nail olunub. Belə ki, dünyanın aparıcı enerji şirkətləri arasında keçirilən tenderin nəticələrinə görə, günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olan iki şirkət ən yaxşı təklif irəli sürüb. Bu barədə dövlət başçısı yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında məlumat verib. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduğunu bildirib. Erməni işğalından azad edilmiş ərazilərdəki imkanlara diqqət çəkən Azərbaycan Prezidenti Qarabağı “yaşıl enerji” zonasına çevirmək planlarını açıqlayıb.
Bu plan heç də təsadüfi deyil. Kəlbəcər və Laçının güclü küləyi külək stansiyaları, Zəngilan və Cəbrayılın qızmar günəşi günəş stansiyaları qurmaq üçün bu əraziləri əlverişli edir.
Bir sözlə, Qarabağ “yaşıl enerji” zonasıdır və Azərbaycan bu imkanlarından istifadə edərək Qarabağın inkişafını sürətləndirəcək.
Azərbaycan indi böyük investorlar üçün daha maraqlı, daha cəlbedicidir
Qarabağ çoxşaxəli iqtisadi potensiala malikdir. Bu potensialından maksimum istifadə edilərək çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacaq. Ancaq məlumdur ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr milyonlarla, hətta bir neçə milyard dollar vəsait tələb edəcək. Qarabağda üç - Füzuli şəhərindən sonra Laçında və Zəngilanda da aeroportlar tikiləcək. Yüz kilometrlərlə dəmir yolu, şəhərləri və kəndləri birləşdirəcək minlərlə kilometrlik avtomobil yolu çəkiləcək.Bütün kənd yolları asfaltlanacaq. Bölgələrdə elektrik enerjisi ilə bağlı layihələrin bu ilin sonuna qədər icra edilməsi planlaşdırılıb. Qayıdacaq əhalinin içməli suyu, məşğuliyyəti, kənd təsərrüfatı ilə bağlı işlərin həlli maliyyə vəsaiti tələb edir. Bir milyon insanı ora qaytarmaq üçün həyata keçiriləcək inşaat işlərinin, məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqlarının tikintisinin vaxtında yekunlaşması da məhz maliyyə vəsaitinə bağlıdır.
Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı həm də qoyulacaq sərmayədən asılıdır. Azərbaycan dövlətinin ayırdığı 2,2 milyard manat investisiya bu istiqamətdə bir başlanğıcdır. Prezident İlham Əliyevin açıqladığına görə, Qarabağın bərpası üçün təklif edilən investisiya proqramından bu il həyata keçiriləcək infrastruktur layihələrinin təxminən bir milyard manatı praktik olaraq paylanıb. İlk vəsait elektrik enerjisi, avtomobil və dəmir yolları, minalardan təmizləmə və s.sahələri əhatə edən infrastruktur layihələrinin icrasına yönəldilib.Ancaq 10 min kvadratkilometrdən çox ərazi azad edilib və rəqəmdən də göründüyü kimi, işin həcmi çox böyükdür. Ona görə də, sərmayədar yalnız Azərbaycan dövləti olmayacaq. Bütün tərəfdaş və maraq göstərən ölkələr bərpa işlərinə cəlb oluna bilər. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. Bir sözlə, Azərbaycanın sevincinə şərik olan, Qarabağın bərpasına töhfə vermək istəyən dostları üçün kifayət qədər iş var. Geriyə qalır hərənin işin bir qulpundan yapışması. Qarabağı inkişaf etdirərkən Azərbaycan tək olmayacaq. Üstəlik, Qarabağ müharibəsinin qalibi olmaq Azərbaycanı böyük investorlar üçün də daha maraqlı, daha cəlbedici investisiya ölkəsinə çevirib. Bundan sonra ölkəmizə daha fəal şəkildə sərmayə qoyulacağı şübhəsizdir. Sərmayədarlar üçün ən böyük zəmanət isə Prezident İlham Əliyevin sözüdür: “Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra bərabərdir. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq”.
Zamanla yarışırıq!
30 il əvvəl çıxdığımız yuvamıza kitab-dəftərimiz, rəngli qələmlərimizlə qayıdacaq, həsrətdən bozaran torpaqlarımıza öz tündlüyünü, yanğınlardan qaralan meşələrimizə yaşıllığını, qara buludlar arxasında qalan səmaya açıq mavi, çöllərimizə al-əlvan rəngini qaytaracağıq. Bu işdə tək qalmayacağıq. Tərəqqiyə xidmət edən, yaşatmaq, yaratmaq arzusunda olan, dünyaya sevgi və təbəssüm bəxş etmək istəyən qüvvələr də yanımızda olacaq. Dövlətimiz inkişaf etmək, özü ilə bərabər dünyanı da böyütmək istəyənlərə qapılarını açıb. Azərbaycan indi beynəlxalq əhəmiyyətli yolların kəsişdiyi, böyük iqtisadi layihələrin gerçəkləşdiyi, yeni iqtisadi imkanların yarandığı bir ölkədir. Burada həllini gözləyən işlərə heç bir şirkət, heç bir güc biganə qala bilməz.
İndi - Qarabağın yaralarını sağaldarkən Azərbaycanın yarışacağı əsas tərəfmüqabili zamandır. Zamanı dayandırmaq istəyənlər yox, zamanla bizimlə birgə yarışmaq istəyənlər üçün Qarabağ bir meydandır. Döyüş, münaqişə yox, inkişaf, tərəqqi meydanı.
Ruhiyyə DAŞSALAHLI