Mingəçevir Dövlət Universitetində (MDU) “Maliyyə savadlılığının artırılması: nağdsız hesablaşmalar və onların təşkili formaları” mövzusunda nəzəri-praktik seminar keçirilib.
Universitetdən bildirilib ki, MDU-nun rektoru Şahin Bayramov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda ölkə başçısı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində davam etdirildiyini bildirib. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində maliyyə-bank sektorunun rolundan bəhs edən rektor ölkəmizdə maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılmasının qarşıda dayanan başlıca vəzifələrdən biri olduğunu vurğulayan Ş.Bayramov MDU-da təşkil edilən bu seminarın tələbə gənclərin maliyyə savadlılığının artırılmasına hədəfləndiyini bildirib.
Seminarda qonaq məruzəçi qismində iştirak edən “Turanbank” ASC-nin İdarə Heyətinin üzvü, informasiya texnologiyaları üzrə baş direktor Bəxtiyar Məmmədov “Ölkədaxili banklararası nağdsız hesablaşma sistemləri” mövzusunda çıxış edib.
Məruzədə ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmalara dair normativ aktlar, hesablaşma və klirinq anlayışları, banklararası nağdsız hesablaşma sistemləri, prosessinq mərkəzləri, banklararası kart mərkəzi və digər məsələlər haqqında ətraflı məlumat verilib.
MDU-nun İqtisadiyyat kafedrasının müdiri, dosent Cəmilə Musayeva “Beynəlxalq hesablaşmalar: əsas formaları və xüsusiyyətləri” mövzusunda çıxış edib. C.Musayeva məruzəsində beynəlxalq hesablaşmaların mahiyyəti, iqtisadiyyatda rolu, müasir dövrdə geniş tətbiq olunan əsas ödəniş üsulları, hesablaşma formaları, SWIFT sistemi və onun üstünlükləri barədə danışıb.
Qeyd edək ki, MDU-da sənaye və universitet əməkdaşlığı çərçivəsində ali məktəbin professor-müəllim və tələbə heyəti üzvlərinin praktiki bilik, bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir, dəvət olunan mütəxəssislərin iştirakı ilə aktual mövzulara həsr edilmiş müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.