Mingəçevir Dövlət Universitetində (MDU) dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Nizami Gəncəvi Azərbaycanın dünya ədəbiyyatı xəzinəsinə töhfəsidir” mövzusunda elmi konfrans keçirilib.
Konfransda MDU-nun rektoru Şahin Bayramov dahi şairin əbədiyaşar əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs edib, “Nizami Gəncəvi ili” çərçivəsində universitetdə müxtəlif formatlarda və mövzularda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasında Nizami Mərkəzinin direktoru, görkəmli nizamişünas alim, professor Xəlil Yusifli “Dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı”, MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov “Nizami dünya şərqşünaslığında”, universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli lider Heydər Əliyevin rolu”, Humanitar fənlər kafedrasının müəllimi Səadət Ağakişiyeva “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr”, kafedranın digər müəllimi Ayna Babazadə “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi” mövzularında çıxış ediblər.
Məruzələrdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi və dühası N.Gəncəvinin həyatı, yaradıcılığı, poetik-fəlsəfi fikirləri, dünyanın tanınmış şərqşünas alimlərinin Nizami haqqında düşüncələri, dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsi, Nizami irsinin təbliğində Ümummilli Liderin rolu və milli təəssübkeşliyi barədə ətraflı məlumatlar verilib.
Maraqla qarşılanan məruzələr konfrans iştirakçılarının müzakirəsi ilə davam edib.