Universitetdə qiymətlərini artırmaq üçün müraciət edənlərdən şifahi imtahan götürülür


Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin valideynlərinin bir qrupu  2017-2018-ci tədris ilinin yaz sessiyasının imtahan prosesini izləyib.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov valideynlərə imtahan barədə ətraflı məlumat verib. Bildirib ki, imtahan başlayandan  mütamadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə  imtahan prosesi izlənilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirməsi məqsədilə hər cür şəraitin yaradıldıldığını deyən prorektor onu da diqqətə çatdırib ki, rektor  Elxan Hüseynovun müvafiq əmri ilə sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə imtahan qərargahı və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb.  Qeyd edilib ki, imtahanlar, bir qayda olaraq, yazılı şəkildə aparılır. İmtahan başa çatdıqdan sonra cavab vərəqləri  kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda 17 baldan yuxarı bal toplayan və müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, ondan şifahi imtahan götürülür və qiyməti artırılır. Əgər cavab qaneedici olmasa, əvvəlki qiymət saxlanılır.

 

Valideynlər  ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində olublar

 

Sonra universitetin rektoru, professor Elxan Hüseynov valideynlərlə görüşüb. Onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib.

 

Valideynlər  yaradılmış şəraitə görə rektora təşəkkürlərini ifadə ediblər.