Naxçıvan Dövlət Universiteti (NDU) Tibb fakültəsinin professor-müəllim heyəti, həkim rezident və tələbələri Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə ilk tibbi yardım simulyasiyası çərçivəsində görüş keçirib.

 

Məktəbin direktoru Elmira Həsənova belə görüşlərin ənənəvi hal almasının şagirdlərin gələcək peşə seçiminə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib.

 

Universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov ali təhsil ocağının professor-müəllim heyəti, həkim rezidentləri və tələbələrinin ümumtəhsil məktəblərinin kollektivi ilə görüşlərinin şagirdlərin gələcəkdə həkimlik sənətinə yönəlmələri istiqamətində əsaslı rol oynadığını qeyd edib. Son illərdə tibb fakültəsinə göstərilən dövlət qayğısını diqqətə çatdıran dekan vurğulayıb ki, ali təhsil ocağını bitirən məzunlar, nəinki muxtar respublikanın xəstəxanalarında, həmçinin dünyanın bir çox ölkərində də uğurla fəaliyyət göstərirlər.

 

Fakültənin müəllim, həkim və rezidentlərinin müxtəlif siniflərdə nümunəvi dərsləri təşkil edilib. İxtisaslı mütəxəssislər şagirdlərə həkimlik peşəsinin sirlərindən və bu peşəyə yiyələnmənin verdiyi məsuliyyətdən danışıb, sağlamlıqlarını qorumaq istiqamətində tövsiyələrini çatdırıblar. Şagirdlərin suallarını cavablandıran tələbə həkimlər onlara gələcək peşə seçimlərində köməklik göstəriblər.

 

Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və tələbələrin şagirdlərlə görüşü təşkil edilib. Bu zaman şagird və müəllim kollektivinə “İlk tibbi yardım” simulyasiyasının təqdimatı olub. Müalicə işi ixtisası üzrə IV kurs tələbələri Suada Vahabova “Kliniki ölüm”, Aytac Əliyeva “Torpaq altında qalma”, Könül Əliyeva “Qanaxmalar”, Ülviyyə Məmmədova “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, Şəbnəm Salmanova isə “Sınıqlar” haqda slaydlar vasitəsilə şagirdlərə ümümi məlumat verib və xəstəliklərə vaxtında müdaxilə metodlarını əyani sürətdə öyrədiblər.

 

Sonda həkim və rezidentlərin fakültənin tələbələri ilə birlikdə apardıqları tibbi müayinələr həyata keçirilib. Fakültənin Kardiologiya, Terapiya, Cərrahiyyə, Oftalmologiya, Funksional diaqnostika, Reanimatologiya, Stomatologiya və s. sahələr üzrə mütəxəssisləri məktəblilərin ilkin tibbi müayinələrini apararaq onlara tövsiyələrini, gigiyenik qaydalara əməl etməyin vacibliyini bildiriblər.