Naxçıvan Dövlət Universitetində “Söz sənətinin dahisi- Nizami” adlı tədbir keçirilib. Tədbir şairin həyat və yaradıcılığına aid slaydların təqdimatına həsr olunub.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb, şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Həmçinin Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb.
Rektor tələbələrin yaradıcılıq işlərini də yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
“Nizami və Azərbaycan - Şərq intibahı” mövzusunda çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi-tədqiqat əsərləri barədə çıxış edib. Nizaminin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi vurğulanıb, söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı müdrik kəlamlar müəllifi olan Nizaminin bu mövzularda söylədiyi bir sıra fikirləri diqqətə çatdırılıb.
Universitet Tələbə Gənclər Təşkilatının sədri, Hüquq kafedrasının müəllimi Əziz Qasımov bildirib ki, layihənin əsas məqsədi tələbələrin Nizami irsi barədə daha məlumatlı olması və dahi şairin yaradıcılığını daha dərindən mənimsəməsidir.
Münsiflər heyətinin qərarına əsasən, təqdim edilən slaydlar yaradıcılıq, mövzu rəngarəngliyi, proqramlardan istifadə bacarığı istiqamətindən dəyərləndirilib. İnformasiya texnologiyaları sistemləri mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Gülçin Kərimzadə müsabiqənin qalibi olub. Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi İslam İsmayılov II, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Nəzifə Sadiqova isə III yerə çıxıb.
Sonda tələbələr diplom və kitabla mükafatlandırılıb.