Şəhid mayor Aqşin İbadovun xatirəsi anılıb


Azərbaycan  xalqı tarixinın  Zəfər  günlərini  yaşayır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun uğurlu əks-hücum əməliyyatları sayəsində  XXI əsrin ən böyük qələbəsinə imza atıldı. Torpaqlarımız  düşmən tapdağından azad olundu. Azərbaycan xalqının birliyi Qarabağ zəfərinə  aparan  yolda əsas amillərdən biri oldu.  Bu qələbə 27  illik bir zaman kəsiyində qəlblərdə  yaşanan həsrətə, nisgilə son qoydu. Bu dövrdə ön cəbhədə döyüşən təhsil işçiləri ilə yanaşı arxa cəbhədə də müəllimlərimiz Müzəffər  Ordumuza dəstək olmağa, onları ruhlandırmağa çalışdı. Ümumtəhsil müəssisələrində “Əsgərə  məktub”,  “Şəhidlərimizi  tanıyaq  və  tanıtdıraq!” adlı onlayn  layihələr həyata keçirildi.

 

“Şəhidlərimizi  tanıyaq  və  tanıtdıraq!” silsiləsindən növbəti tədbirlərdən biri də Bakıdakı 20 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdlərin iştirakı ilə keçirildi.

 

Tədbirdən əvvəl məktəbin IX m sinif şagirdləri və sinif rəhbəri Sevda Heydərova şəhid, xüsusi təyinatlı mayor Aqşin İbadovun tanınması ilə bağlı axtarışlara başlayıb.  Şəhid Aqşin İbadov haqqında, onun döyüş yolu barədə məlumatlar toplanılıb,  ailə üzvləri, yaxınları ilə əlaqə saxlanılıb.  İgid döyüşçünün  xatirəsinə həsr olunmuş tədbirdə məktəbin direktoru Esmira Ağayeva qeyd edib ki, ürəyi Vətən eşqi ilə döyünən igid  oğullarımız 27  il  işğal  altında  olan  torpaqlarımızı  Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında düşməndən azad etdilər. Bu  döyüşdə  igid  oğullarımız  qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə  yüksəldilər. Biz  onların  hər  biri  ilə  qürur  duyuruq. Şəhid  valideynlərinə, yaxınlarına  Allahdan  səbr, yaralı  qazilərimizə  şəfa diləyirik...  

 

Daha sonra çıxış edən şəhid atası Nazim İbadov igid zabit Aqşin haqqında vüqarla danışıb:

 

- Bizim ailədə  4  oğlan  uşağı  böyümüşdü.  Dördü də  Azərbaycan  dövlətinə, dövlətçiliyinə  sadiq  övladlardı. Aqşin  çox  istedadlı  bir  gənc  idi. O,  təhsilin  bütün  pillələrini  əla  qiymətlərlə bitirmişdi. Aqşində  insanlığa  nümunə   olan  bütün  keyfiyyətlər var  idi.  Hər  zaman  özündən  kiçiklərlə  qayğı, özündən  böyüklərlə  hörmətlə  davranırdı. Aqşin  elmin  sirlərini  daha dərindən  öyrənməyə  can  atırdı.  O,  Ali  Hərbi  Məktəbi  əla  qiymətlərlərlə  bitirdi, hərb  elmini  çox  sevirdi. Tarixi  romanları dönə-dönə  oxuyurdu. Həyatda  hər  kəsə  yaxşılıq  etməyi  sevirdi. Aqşin  xoş  əməlləri  ilə  gənclərə nümunə idi. Hərb  elminin  incəliklərini  daha dərindən  öyrənmək  üçün  o,  Türkiyəni  seçdi. Çünki  türk  hərb  elminin  vurğunu  idi. Aqşin “Sarıqamış  əməliyyatı” haqqında çoxlu  kitablar  oxumuşdu. “Çanaqqala”  döyüşlərinin  vurğunu  idi.  Orada  türk  əsgərinin böyük  hünər, rəşadət  göstərməsindən dönə-dönə danışardı.

 

Aqşinin bir  neçə  dildə  sərbəst  danışmağı bacardığını söyləyən şəhid atası onun Vətəni çox sevdiyindən ürəkdolusu söz açdı: “Hər  zaman  döyüşənlərlə  çiyin-çiyinə  addımlayaraq  ön  sırada  olmağı  sevirdi. Döyüş  əməliyyatlarının  ən  çətin yerlərində  döyüşmüşdü. Rəşadət nümunəsi göstərmişdi. Gəncliyimiz, Azərbaycan  xalqının yeniyetmə  oğul və qızları  Aqşinlə  fəxr  etməkdə haqlıdırlar. Bütün şəhidlərimizə Allah rəhmət eləsin! Yaralı qazilərimizə şəfa  arzulayıram. Aqşinin hər zaman  söylədiyi  bir  söz  var  idi - “Vətəni sevmək imandandır”. O çox tərbiyəli, imanlı, çox  qeyrətli  oğul  idi. Bu  tədbirin ərsəyə gəlməsində  əməyi  olan  hər  kəsə  ailəmiz adından  təşəkkür  edirəm.

 

Sonra şəhidin qardaşı gizir Cəmil  İbadov  məktəbin müəllim-şagird kollektivinə təşəkkürünü çatdırıb:

- Gələcək  nəsillərimizə  bizim  şəhidlərimiz, qazilərimiz  haqqında  dolğun  məlumat  çatdırırsınız. Bu döyüşlər  çox  ağır  oldu. Buna  baxmayaraq  biz  qələbəni  əldə etdik. Ali Baş  Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz hərbi-siyasi  peşəkarlıqla  bu  qələbəni  xalqımıza  yaşatdı. Azərbaycan ərazisinin tam  bütövlüyünü  bərpa  etdik.

 

Sonra  çıxış edən şəhid qardaşı Emil İbadov bildirdi ki,  Aqşin  məndən  9  yaş kiçik  olub. Onun  körpəliyi, uşaqlığı, gənclik  illəri gözümün  qarşısında keçib. Aqşinin  vətənə  bağlılığı, torpağa olan istəyi  onu hər  zaman  yaşıdlarından bir  addım  öndə  edib. Biz onun döyüş yoldaşları  ilə  görüşürük, əlaqə  saxlayırıq.  Aqşin  öz  ölməzliyi  ilə  Azərbaycan  xalqının  əzizinə, Şəhidlik  zirvəsinə  ucaldı. Mən qardaşımla qürur  duyuram.

 

Şəhidin ömür-gün yoldaşı Məshəti xanım  “Çox üzülürəm, həm də fəxr edirəm onunla. İnanıram və əminəm ki, qızımız Zeynəb böyüyəndə atası ilə fəxr edəcək, qürür duyacaq”, - deyə bildirdi...

 

Aqşin  İbadov 1984-cü il avqustun 24-də  Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1990- cı ildə Boladi kəndinin 1 nömrəli  tam orta məktəbinə daxil olub, həmin məktəbi əla qiymətlərlə bitirib. 2001-ci ildə Ali Hərbi Məktəbə, 2018-ci ildə isə Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub. Attaşşe kursunu keçib, nümunəvi xidmətlərinə görə mayor rütbəsinə qədər yüksəlib. Dəfələrlə müxtəlif təltif və mükafatlara layiq görülüb. Təhsilini Türkiyədə davam etdirib. İstanbulda Milli Savunma Universitetində təhsil alıb, magistr dərəcəsinə yiyələnib.   2020-ci ildə vətənə qayıdıb.  Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Zəngilan və Hadrud uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 19 oktyabr 2020-ci ildə Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Ruhunuz şad olsun, əziz Şəhidlərimiz. Allahdan Şəhidlərimizə rəhmət diləyir, Qazilərimizə şəfa arzulayırıq.

 

Aqşin  İbadov

 

Dilə gəldi telli sazım,

Deyir yenə şeir yazım.

Nədən deyim, nədən yazım,

Bu gün yenə Vətən yazım!

 

Yazım yenə olanları,

Yarpaq kimi solanları.

Yazan əlim qurumasın,

Qurusa da dil dodağım.

 

Zaman gələr, hesab dönər,

Namərd əldə çıraq sönər.

Silahlansa igidlərim,

Düşmən qorxub geri dönər.

 

Sevda  HEYDƏROVA, 

20 nömrəli tam orta məktəbin müəllimi