Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

 

Microsoft Teams platforması üzərindən təşkil edilən görüşün qonağı Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olub.

 

“Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” mövzusunda keçirilən görüşün moderatoru olan rektor Şahin Bayramov Ceyhun Məmmədovun bioqrafiyası, ali təhsilin idarə edilməsi sahəsində böyük təcrübəsi, qanun yaradıcılığında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, eləcə də elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib.

 

MDU-da professor-müəllim və tələbə heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən C.Məmmədov pandemiya şəraitinin çətinliklərinə baxmayaraq universitetdə həyata keçirilən tədbirləri, baş verən müsbət dəyişiklikləri yaxından izlədiyini bildirib.

 

Universitetin milli ali təhsil sistemində özünəməxsus mövqeyi ilə seçildiyini diqqətə çatdıran millət vəkili 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə sosial şəbəkələrdə,  maarifləndirmə və mənəvi dəstək tədbirlərində MDU-nun fəallığını yüksək qiymətləndirib.  

 

Tədbir üçün seçilmiş mövzunun aktuallığını vurğulayan C.Məmmədov Qarabağ həqiqətlərinin və işğaldan azad edilmiş torpaqlardakı erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında ali təhsil müəssisələrinin mümkün dəstəyi və potensial fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüb.

 

Uzun müddət ərzində mənfur ermənilərin Azərbaycan əleyhinə dünyada ciddi təbliğat apardıqlarını və ölkəmiz haqqında mənfi stereotiplər yaratmağa çalışdıqlarını qeyd edən millət vəkili, sosial şəbəkələrdə daim fəal olmağı, müxtəlif virtual platformalarda, tədbirlərdə düşmənin yalan və saxta simasını ifşa etməyi, informasiya cəbhəsində vətənpərvərlik mövqeyini ortaya qoymağı vətəndaşlıq borcu kimi dəyərləndirib.

 

Ali təhsil müəssisələrinin informasiya mübarizəsində potensial imkanlarını diqqətə çatdıran millət vəkili, dünyada ciddi qəbul olunmuş mənbələrə istinad etməklə sanballı elmi məqalələrin yazılması və nüfuzlu nəşrlərdə dərci, xarici media qurumlarına müsahibələrin verilməsi, birgə konfrans və tədbirlərin keçirilməsi, xaricdə yaşayan nüfuzlu elm adamları, qabaqcıl dünya universitetlərində fəaliyyət göstərən tədqiqatçılar  və təhsil alan tələbələrimizlə kommunikasiyanın məqsədyönlü qurulması məsələlərindən danışıb.

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə effektiv çatdırılmasının yüksək peşəkarlıq səviyyəsi tələb etdiyini vurğulayan C.Məmmədov tələbələrə öz ixtisasları ilə yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında geniş biliklər əldə etməyi, xarici dilləri öyrənməyi, dürüstlüyü, ədalətliliyi və fəallığı əsas dəyərlər kimi qiymətləndirməyi tövsiyə edib.

 

Sonda iştirakçıların Qarabağın dirçəldilməsi,  erməni vandalizmi nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi, yeni dövrün müəllimlərinin üzərinə düşən vəzifələr, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi və digər mövzuları əhatə edən çoxsaylı sualları cavablandırılıb.