Canel Nəcəfli Çexiyada “İlin adamı” seçildi


Azərbaycanlı gənc musiqiçi, Çexiyanın Plzen Konservatoriyasının tələbəsi Canel Nəcəfli  Çexiyada  nüfuzlu “Orfeus” adlı mükafata  layiq görülüb. Bu mükafatla  incəsənət sahəsində mühüm rol oynayan yerli tələbələrə “İlin adamı” adı verilir.  Fevralın 12-də C.Nəcəflinin “İlin adamı” mükafatına layiq görülməsi barədə məlumat yayılıb.  Çexiyada ilk dəfə xarici tələbənin namizədliyinin irəli sürülməsi, təsdiq edilərək seçilməsi və məhz azərbaycanlı gəncin belə bir mötəbər ada layiq görülməsi olduqca sevindirici və qürurverici hadisədir.  Hazırda Canel Nəcəfli Azərbaycandadır və təhsilini onlayn qaydada davam etdirir.

 

“Sevincimizin hədd-hüdudu yox idi”

 

“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında o, sevincini bizimlə bölüşdü:

 

- Keçən ilin fevralında III World Harmony Müsabiqəsi keçirilirdi. Mən də Çexiyadakı Konservatoriyadan rəsmi icazə alıb ona qatılmaq üçün vətənimə gəldim və I yerin qalibi kimi qayıtdım. Konservatoriyanın tarixində ilk dəfə idi ki, I kurs tələbəsi Beynəlxalq müsabiqədə  I yerin qalibi oldu. Həmin vaxt Plzen Konservatoriyasının rektoru, professor Miroslav Breyxa müəllimim, dünya şöhrətli skripkaçı professor Roman Fedçuka dedi ki, bu tələbənin namizədliyini 2020-ci il üçün Orfeus (Orfeya İşıq, kəhanət, şeir və musiqi tanrısı Apollonun oğlunun adını daşıyır) adlı mükafata verilməsinin təşəbbüsünü irəli sürməyi  düşünür. Bu mükafat Çexiyada musiqiçilər arasında demək olar “Oskar” mükafatına bərabər bir mükafatdır.

 

Çexiyada Orfeus adlı mükafata layiq görülmüş incəsənət sahəsində layiqli rol oynayan yerli tələbələrə “İlin adamı” adı verilir. Ötən ilin dekabrında 2020-ci il nominasiyasında iştirak üçün rektor Miroslav Breyxanın təşəbbüsü ilə 2020-ci il ərzində layiq görüldüyüm diplomlar yığılaraq (Boulder Bach Festival və Karabakh İnternational Cultural and Art Contestdən) Şəhərin İcra Hakimiyyətindən icazə alınaraq mənim də namizədliyim irəli sürüldü və təqdimata yollandı. Çexiya tarixində ilk dəfə idi ki, xarici tələbənin də namizədliyi irəli sürülürdü.

 

Fevralın 12-də isə sevindirici xəbər gəldi: Mən “İlin adamı”  mükafatına layiq görüldüm.  Bu şad xəbəri ilk olaraq  müəllimim Roman Fedçuk zəng vuraraq anama çatdırdı, bizi təbrik etdi, Plzen Şəhər İcra Hakimiyyətinin rəsmi məktubunu email vasitəsilə bizə yolladı. Sevincimizin hədd-hüdudu yox idi!  İnanılmaz bir xəbər, inanılmaz bir hadisə oldu!.  “İlin adamı” seçiləcəyimi əslində, düşünmürdüm, çünki belə təqdimatlarda adətən üstünlüyü yerli namizədə verirlər. Amma incəsənət, səhnə elə bir məkandır ki, orada hər şey göz qabağındadır və istedad gec-tez öz sözünü deyir. Bunun üçün yenilmədən, usanmadan çalışmaq lazımdır. 

 

Çexiyada pandemiyanın kəskin fəsadları aradan qaldırılandan sonra bu mükafatın rəsmi təqdimatı yüksək səviyyədə Plzen şəhərinin İcra Hakimiyyəti tərəfindən təşkil ediləcək.

 

“Çox sevinirəm ki, bu cür dəyərli müəllimlərim var”

 

- Əgər pandemiya olmasaydı, bizim Avropada çox dəyərli işlərimiz, planlarımız var idi. Ümid edirəm, tezliklə dünyamız düzələcək və hər kəs gözəl planlarının həllini gerçəkləşdirəcək.

 

Hazırda Azərbaycanda qiyabi təhsil aldığım Bakı Musiqi Akademiyasındakı müəllimim professor, Xalq artisti Zəhra Quliyevanın dediyi kimi, “Siz öz işinizi layiqincə görün, qalan məsələlər öz yerini tutacaqdır”.

 

Mən bütün nailiyyətlərimə görə Allahıma, anama, nənəmə, gözəl müəllimlərimə sonsuz minnətdaram. Və bir daha görürəm ki, əldə etdiyim nailiyyətlər həqiqətən də saatlarla etdiyim məşqlərin, skripka ilə ciddi məşğul olmağımın, müəllimlərimə diqqətlə qulaq asıb, onların dediklərini etməyimin nəticəsidir. Hazırda demək olar ki, müəllimlərimdən aldığım dərslərin hər biri əsl ustad dərsləridir və çox sevinirəm ki, bu cür dəyərli müəllimlərim vardır.

 

“Caneldir adım” 

 

Qeyd edək ki, Canel Nəcəfli 24 mart 2002-ci ildə Bakı şəhərində anadan olub. 2 yaşından 5 yaşa kimi mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrının üzvü olub. Oqtay Zülfüqarov onun adına “Caneldir adım”  mahnısını da bəstələyib.  Mahnını Canel  4 yaşı olarkən özü ifa edib. 2008-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinfinə (skripka ixtisası üzrə) daxil olub. III-V siniflərdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi məktəbin “Tutti” kamera orkestrinin, VI sinifdən etibarən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin üzvü olaraq I skripkaçıların konsertmeysteri olub. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alıb. İlk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko festivalında dinlənilib. 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” Beynəlxalq müsabiqə-festivalda I yerə, 2016-cı ildə “Josef Micka” adına festival-müsabiqədə (Çexiya, Praqa) Fəxri diploma, 2016-cı ildə “Rodniki duşi” adlı Respublika müsabiqəsində (Bakı) I, 2016-cı ildə “Futures Stars” adlı Beynəlxalq müsabiqədə (Bakı) I, 2017-ci ildə “Testene Art Baku” Beynəlxalq müsabiqədə (Bakı) I, 2018-ci ildə “Grumiaux” (“Bravo”) Beynəlxalq müsabiqədə (Brüssel, Belçika) isə III yerlərə layiq görülüb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin təşkilatçılığı ilə yaradılmış “Gənclərə dəstək” layihəsi çərçivəsində X Qəbələ Beynəlxalq Festivalında, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında və digər konsertlərdə solo çıxışlar edib.

 

C.Nəcəfli ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi də daxil olmaqla 2 Respublika və 5 Beynəlxalq müsabiqələrdə birinci yerin qalibidir.

 

 “Grumiaux” müsabiqəsinin qalibi olaraq  Canel Nəcəfli Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 2019-cu ildə Bakı Musiqi Akademiyasına müsabiqədənkənar (imtahansız) qəbul olub.  Hazırda Azərbaycanda Bakı Musiqi Akademiyasında qiyabi, Plzen (Çexiya) Konservatoriyasında isə əyani təhsil alır.

 

Roman Fedçuk (Çexiya) yetirməsi barədə yüksək fikirdədir:

 

- Canellə ilk tanışlığımız Brüsseldəki “Grumiaux” müsabiqəsində oldu. O, çox kövrək bir qız kimi görünürdü və lakin ifası tam temperamentli, dəqiq, zəngin idi. Məqsədyönlü,  çox böyük perspektivə malik valehedici ifa... Bu Caneli öz sinfimdə salamlamaq mənə çox xoş oldu, qarşıda bizi maraqlı və məhsuldar işlər gözləyir; gələcəyə böyük ümid və sevinclə baxıram. Canelin  mütləq parlaq və uğurlu gələcəyi var. Gələcəkdə onu təkcə gözəl bir skripkaçı deyil, eyni zamanda gözəl musiqiçi kimi görürəm və bunu ürəkdən arzulayıram.

 

Ümid edirik ki, bu uğur  Canelə beynəlxalq  səhnələrdə daha böyük  zirvələrə yüksəlməyində bir vəsilə olacaq və ölkəmizi bundan sonra da layiqincə təmsil edərək möhtəşəm qələbələri ilə bizlərə qürur və sevinc yaşadacaq. Bu yolda gənc istedada uğurlar arzulayırıq.  

 

Oruc MUSTAFAYEV