Emin Əmrullayev: “Həm təhsilin məzmunu, həm tədrisin forması və mahiyyəti dəyişəcək”
Fevralın 14-də Təhsil naziri Emin Əmrullayev Real TV-nin “Mir Şahinin vaxtı” proqramında qonaq olub. Verilişdə təhsil sahəsi ilə bağlı bir çox məqamlar ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
- Cənab nazir, tez-tez istifadə etdiyiniz bir söz var - hekayə. Mən bir az qədimə getmək, nağıldan başlamaq istəyirəm. Yadımdadır, belə bir şeir vardı: Tabaşirə bulaşmışdı Dilarənin saçı, üzü, Arxayınca gəzirdi o, xəbərsiz özü.. Yəni, biri vardı, biri yoxdu, bir Dilarə vardı. O Dilarənin üzünü bulaşdıran tabaşır, yazı taxtası, bizim klassik tədris, təhsil atributlarının axrı nə oldu? Onlar hara getdi?
- Düşünürəm ki, onlar hələ də bizim tədrisin bir hissəsidir. Əvvəlki müsahibələrdə də qeyd etdiyim kimi, bütün sahələr dəyişdiyi kimi, həm təhsilin məzmunu, həm tədrisin forması və mahiyyəti birmənalı olaraq dəyişəcək. Bunun qarşısını almaq həqiqətən də qeyri-mümkündür. Düşünürəm, bu, çox labüd bir prosesdir. Amma məsələnin mahiyyəti məncə, təbaşir və yazı taxtasında yox, təhsilin mahiyyəti onun məzmunu və son məqsədindədir.
STEAM-da mahiyyət dəyişikliyi
- Bu fonda özünüzü necə hiss edirsiniz? Mən buranı gələcək kimi görürəm. Biz gələcəyin bir parçasındayıq...
- Biz hazırda Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin STEAM laboratoriyalarından birindəyik. STEAM adlandırdığımız elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat kimi fənlərin inteqrativliyi məzmunu Azərbaycan məktəbinə çatdırmazdan əvvəl bu otaqda yaradılır. Bu otaqda çox olmuşam və ona görə də özümü çox rahat hiss edirəm. Amma, təbii ki, bu otaq bizim gələcəyimizdir, Azərbaycan təhsilalanlarının gələcəyidir. Amma yenə də demək istəyirəm ki, bəzi hallarda belə otaqlar nümayiş etdiriləndə daha çox oyuncaqlar arasında oturan 2 şəxs kimi görməsinlər. Bu, öz-özlüyündə məsələnin mahiyyət dəyişikliyidir. STEAM-da mahiyyət dəyişikliyi nədir? Bu, həm məzmun, həm tədris, həm də qiymətləndirmə baxımından bir dəyişiklikdir. Çünki bizim ənənəvi təhsilimizin mahiyyəti bundan ibarətdir ki, adətən əvvəldən müəyyən edilmiş qəliblər, məsələlər, dərsliklər və yaxud müəllim tərəfindən verilmiş tapşırıqların həlli uşaq tərəfindən gözlənilir. Şərti olaraq sizdən kvadrat tənliyin həllini soruşurlar, yaradıcı olmaq xatirinə bir qədər irəli gedib bu və ya digər tənliyin köklərinin hasilini də soruşa bilərlər. Amma bu otaqdakı məzmunda belə bir məsələ durmur. Bu, daha çox problem həlli üzərində durur, çünki təhsilin mahiyyəti getdikcə təhsilalana həyatda onun hər gün üzləşəcəyi, hər bir problemləri necə həll edə bilər sualının cavabı üzərində qurulmalıdır deyə düşünürəm. Misal göstərə bilərəm. Məsələn, burada 3D printeri var. Bu printer üç fəza predmetlərini çap etmək üçün olan, öz-özlüyündə, bu cümlə bəlkə də ənənəvi cümlə deyil, istifadə olunan bir alətdir. Məqsəd deyil, alətdir. Məqsəd bu printeri gətirib həmin məktəbə qoymaq deyil, məqsəd təhsilalanların ondan istifadə edib özünün təsəvvürünü, özünün düşündüyünü həyata keçirməkdir. Burada siz çox şeyləri görə bilərsiniz. Yəni, birinci mərhələdə şagird hansısa bir fiqur, ikinci mərhələdə hansısa bir, deyək uçan bir obyekti, dronları artıq həmin o 3D printerdə çap etməlidir. Onun əlində olan digər texnologiyalardan, deyək ki, dərinə getməkdə istifadə etmək və onu dron kimi uçurmağı bacarmalıdır. Buna görə də çalışdığımız bu alətləri bizim təhsilimizə inteqrasiya etməklə yanaşı, Azərbaycan müəlliminin, şagirdinin gələcəyi düşünüb üzləşə biləcəkləri problemləri həll etmək və yeniliklər yaratmaq baxımından onlardan istifadə etməklə bunları öyrətməkdir.
İnformasiya daha sürətlidir
- Biz klassik orta məktəb tədrisi görmüş insanlarıq. Yadımdadır, orta məktəbdə keçdiyim fənlər var idi. İsim, feil, riyaziyyat. Onların tərifini öyrədirdilər. Ölkənin baş müəllimi sizsiniz, belə demək olarsa, təhsil nədir?
- Təhsilin ümumi mahiyyəti təbii ki, dəyişməyib. Bunun sinonimi olaraq insanın inkişafı sözündən daha çox istifadə olunur. Yəni, kamil, bacarıqlı, özünə güvənən, özünü idarə edə bilən, müstəqil vətəndaş və insan yetişdirməkdir. Sonda təhsilin mahiyyəti insan yetişdirməkdir deyə düşünürəm. Həmin insanın yetişməsi sadəcə olaraq verilmiş mühitin dəyişkənliyi ilə müəyyən dəyişikliklərə uğrayıb. Yəni biz mühit dəyişməsini qəbul etməliyik. İnformasiya daha sürətlidir. İnsanlar bir-birilə daha çox avadanlıqlar üzərindən ünsiyyət qura bilirlər. Eyni anda biz daha çox insanla ünsiyyət qura bilirik və s. Təhsilin də mahiyyəti buna uyğun dəyişməlidir deyə düşünürəm. Təkcə Azərbaycanda yox, dünyanın istənilən ölkəsində ən ləng dəyişən məsələ təhsilin məzmunudur. Ən qədim tədris planı, fənlər və onlara ayrılan saatlar 1960-cı illərinin sonlarına aid idi. 1960-cı illərin sonlarından 2020-ci ilin əvvəllərinə qədər nəinki bizdə, yenə də bütün dünyada təhsilin fənləri, məzmunu bir o qədər dəyişməyib. Və bütün bu dəyişiklik həmişə kifayət qədər müqavimətlə üzləşir, insanlar özlərinin keçmişinə qayıdıb, “biz məktəbdə oxuyanda belə idi” deyib gələcək nəsli də elə öyrətmək istəyirlər. Yəni, bu var. Amma qəbul etməliyik ki, necə ki, cibimizdəki telefon, iş yerlərimiz, televizorlar, 3D printerlər dəyişir, təhsilin məzmunu da buna uyğun dəyişməyə məruz qalacaq. Bunun insanlarla, fərdlərlə, şəxslərlə bağlılığı yoxdur. Sadəcə zamanında və düzgün olan dəyişiklikləri etməli, konteksti unutmamalıyıq. Ancaq təhsilin klassik dediyiniz ənənəvi sahələr olan milli vətənpərvərlik, vətənə, anaya, insanlara, bir-birinə olan sevgi təhsilin yenə də mərkəzi qüvvəsi kimi qalması, dəyərlərin, insanların bir-birinə hörmət etməsi, dürüstlüyün, məsuliyyətliliyin dəyər kimi tədrisdə bir vəzifə olaraq qalması heç vaxt dəyişməyib.
Bir həftəyə 6 milyon dərs verildi
- Tədrisin yeni formaya keçidi ilə istifadədə olan tədris alətlərinin daha yeni mərhələyə keçidi barədə danışmağınızı istəyirəm. Nəyi nəzərdə tuturam. Bizim əvvəllər dərs, bilik aşılamaq üçün istifadə edilən alətlər ya sürətlə sıradan çıxır, ya da onların yeni modifikasiyaları yaranır. Bu barədə nə deyərdiniz?
- Burada daha çox yenilər yaranır və yeni yarananlar daha faydalıdır, daha asandır, daha səmərəlidir deyə köhnə sıradan çıxır, düşünürəm. Məsələn, pandemiya bu məsələləri sürətlə irəli apardı. Azərbaycanda bir il bundan kimsə proqnozlaşdıra bilməzdi ki, Azərbaycan müəllimi bir həftəyə 6 milyon onlayn dərs verə bilər və yaxud niyə versin. Amma həqiqət bundan ibarətdir ki, bu, bizim təhsilimizin reallığıdır. Yanvar ayında Azərbaycan müəllimləri tərəfindən bir həftəyə 6 milyon dərs verildi və bu dərslərdə bir milyondan artıq şagird iştirak etdi. Texnologiya olmasaydı, bu, mümkün olardımı, yox. Yəni, biz bunu ənənəvi qaydada necə edə bilərdik, edə bilməzdik. Amma eyni zamanda biz başa düşməliyik ki, biz alətlərlə məqsədləri qarışdırmamalıyıq. Bəzi hallarda insanlar avadanlığın, təbii ki, avadanlıq yoxdursa, internet yoxdursa - bunlar zəruri şərtlərdir, amma kafi deyil. O mənada ki, məqsədyönlü olmayan tədris, beynəlxalq tədqiqatlar da bunu göstərir, şagird nailiyyətlərini irəli aparmır. Yəni, şagird internetdən istifadə etməlidir, amma məqsədyönlü istifadə etməlidir. O şagirdlər ki, tədris məqsədləri, tədqiqat məqsədləri, yeni informasiya axtamaq üçün internetdən istifadə edir, onların oxu və riyaziyyat bacarıqları yaxşılaşır. O şagirdlər ki, məsələn, onlara verilmiş kompüterdə daha çox oyun oynayırlar, onların riyaziyyat və dil bacarıqları bir o qədər yaxşılaşmır. Elə sosial mediadan bir çox məsələlər barədə danışırıq, bu gün sosial media həm biznesin, həm təhsilin, həm ictimaiyyətin, həm jurnalistikanın çox vacib hissəsidir. Bunu danmaq olmaz, amma eyni zamanda başa düşməliyik ki, sosial media öz-özlüyündə yeni məzmun yaratmır. Sosial media sadəcə olaraq mövcud məzmunu daha çox insana çatdırmaq və onların reaksiyalarını almaq, daha yaxşı ölçmək və qiymətləndirməkdir.
Ənənəvi yanaşma bir çox müasir çağırışların öhdəsindən gəlməyi mümkünsüz edir
- Mahiyyətcə platformadır...
- Söhbət də ondan gedir. Biz bəzən problemi sosial mediada görürük, filan şeyi sosial media etdi, məncə yox. Sosial media olanı sadəcə daha çox üzə çıxarır və biz buna baxıb məyus da ola, sevinə də bilərik. Və yaxud, rasional və praqmatik nöqteyi-nəzərdən ondan istifadə edə bilərik.Amma hazırda təhsilə və verdiyiniz suala qayıtsaq, təbii ki, ənənəvi yanaşma bir çox müasir çağırışların öhdəsindən gəlməyi mümkünsüz edir. Bunun üçün yeni texnologiyalar lazımdır. Yəni, bu gün bütün dünyada biz rəqəmsallaşmadan, kibertəhlükəsizlikdən danışırıqsa, yəqin ki, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığını tabaşir və yazı taxtasında eləmək çox çətin olar. Nələrisə etmək olar, amma bu, kifayət qədər çətindir, bunun üçün zəruri şərtlər var. Zəruri şərt kompüter və internetdir, amma bu, kifayət deyil. Kifayət olması üçün həvəs, bunu həqiqətən problem kimi başa düşmək və yeni nəsli gələcəyə hazırlamaq baxımından, düşünürəm, bu, vacibdir.
- Biri vardı, biri yoxdu, bir kaktus da vardı. Bu kaktus necə oldu? Kompüterlərin qırağında qoyardıq...
- Kaktusun bu prosesdəki rolu həqiqətən mif idi. Kaktus yeganə olaraq, nə qədər gülməli səslənsə də, insanı qorumaq üçün onu kompüterin qarşısına qoymaq və ona baxmaq lazımdır. Onda kompüterin ziyanının qarşısı alınar. Amma siz kompüteri görmürsünüz, kompüterə yox, kaktusa baxanda özünüzü nə qədər faydadan məhrum edirsiniz.
Texnologiyalar faydalıdır
- Yəni, uşaqların rahat oturaraq kompüterə baxması onları gələcək xoşagəlməzliklərlə bağlı məhdudiyyətlər...
- Yeni bir nəsil var. Yenə də deyirəm, burada hansısa ziyanlı, zərərli məsələlər var. Deyək ki, ekranın hansı bucaq altında olması, işığın hansı rakursdan düşməsi həlləri də var. Amma uşaqları kompüterdən buna görə ayırıb, texnologiyalardan uzaq saxlamaqla onların gələcəyinə daha çox ziyan vurmuş olarıq deyə düşünürəm. Faydalı və zərərlərdən danışanda. Təhsildən nümunə çəkim. Mərkəzləşmiş imtahanlar həm faydalıdır, həm də zərərlidir. Amma MİQ - müəllimlərin işə qəbulu imtahanı faydalıdır, çünki bu, bizim bir neçə problemimizi - korrupsiya məsələsini həll edir, şəffaflıq məsələsinə töhfə verir, rəqabət yaradır. Bunlar müsbət tərəflərdir. Ziyanlıdır, ona görə ki, biz fərdi yanaşa, müəllimi öz kəndinə, məktəbinə göndərə bilmirik. Bu proses faydalıdırmı, bəli, birmənalı olaraq faydalıdır. Ona görə də MİQ bu gün həyatdadır. Nə vaxt ki, onun zərərləri faydalarından daha çox olacaq, təbii şəkildə bu alət sıradan çıxacaq deyə düşünürəm, çünki onu saxlamaq mümkün olmayacaq. Texnologiyaların isə, bu gün faydası barədə məncə zaman sərf edib danışmağın bir o qədər də mənasını görmürəm, onlar həqiqətən də faydalıdır. Və biz texnologiyanı məktəbə gətirməliyik.
- Bu gün ev bir məkan olaraq mahiyyətini dəyişir. Valideynin azadlıq səviyyəsi dəyişir və ev bizim dediyimiz formatdan çıxır. Nə deyə bilərsinuz?
- Doğrudur, mənə görə evlər bir tərəfdən zənginləşir. Sizin, sonrasa mənim uşaqlığımızda olan evlə indiki ev arasında texnologiya baxımından çox böyük fərq var. Artıq uşaqlar, belə deyək, anadangəlmə elektronlaşmış uşaqlardır, uşaqlara ekranın skrin, toxunan olmasını öyrətməyə ehtiyac yoxdur. Onlar təbii olaraq valideynlərin telefonunu götürdükdə özlərindən asılı olmayaraq özləri də xatırlamayacaqlar. Mən, məsələn, ilk dəfə taçskrinlə ünsiyyətimi xatırlayıram. Siz də yəqin ki, xatırlayırsınız. Amma bizim övladlar yəqin ki, bunu xatırlamayacaqlar. Çünki onlar dünyaya gələndən evlərində texnologiya əsrində doğulublar, onların evində texnologiya, internet, televiziya var və s. Başqa bir müşahidəm də var. Bunu fürsətdən istifadə edib səsləndirmək istəyirəm. Bizim valideynlərimiz öz uşaqlarını bəzi hallarda, bunu mən sosial mediada aktiv olaraq izləyirəm və görürəm, oxuyuram, öz uşaqlarından çox az gözləyirlər. Amma uşaqlardan çox gözləmək lazımdır. Məsələn, “heç 6 yaşı olmayan uşaq hərfləri bilərmi, axı ona çətindi?” Bəzi uşaqlar 3 yaşında, 4 yaşında da öyrənə bilər. Düzdür, oxuya bilmirlər. Amma 3-4 yaşında uşaq bütün hərfləri və rəqəmləri tanımaq iqtidarındadır, yəni, insan bunu edə bilir. Texnologiya bunu bir az da sürətləndirir. Çünki artıq müxtəlif videolara baxıb bunu daha sürətli öyrənirlər. Buna görə onlara əziyyət olar deyə öyrənməsinin qabağını almaq zəruri olmayan qayğı məsələsidir. Amma ümumilikdə ev mühitinin əvvəlki dövrə nisbətən, sizin sualınıza cavab olaraq düşünürəm ki, daha çox zənginləşməsini müşahidə edirik. Amma hekayənin qayğı yaradan məsələsi valideynlər arasında münasibət, texnologiyaların insanlar arasında soyuqluq yaratması, hamının bir küncə çəkilib öz telefonunda nələrləsə məşğul olması kimi məsələlərin təsirini görə bilmirik. Bunun yaxşı və ya pis olmasını, yəqin ki, gələcək onilliklərdə daha yaxşı görə biləcəyik.
Texnologiya əsas məqsəd deyil, bir alətdir...
- Ən çətini və qeyri-müəyyən olan budur ki, ortada Vətən anlayışı dəyişir. Fiziki, coğrafi təmas əhəmiyyətini itirir...
- Razılaşıram ki, bu risk çox böyükdür. Xüsusilə də bizim kimi xalqlar üçün daha böyük risk kimi durur. Çünki, məsələn, deyək ki, ingilis dilinin sıradan çıxması və yaxud bir milyard insanın danışdığı Çin dilinin sıradan çıxmasını təsəvvür etmək daha çətindir, nəinki nisbətən daha kiçik qrupların. Ona görə də istər Vətən, istərsə də dil, istərsə də milli-mənəvi, əxlaqi dəyərlər, bizim təhsil sistemimizin qorumalı olduğu və hər bir azərbaycanlı müəllimin, təhsil işçisinin keşiyində durmalı olduğu bir məsələ olmalıdır. Niyə görə bu vacibdir? Düşünürəm ki, söhbətimizin əvvəlində də dedik ki, texnologiya əsas məqsəd deyil, bir alətdir və həmin alətin bazar iqtisadiyyatından irəli gələn tələb-təkliflə bir bağlılığı var. Vətənpərvrlik mövzusunun da, dilə olan sevginin, anaya olan sevginin, fərqi yoxdur, müqəddəs sayılan anlayışların da gündəmdə qalması və sıxışdırılıb çıxarılmaması vacibdir. Necə buna nail olmaq olar? Təbii ki, həm ailədə, həm məktəbdə buna ayrılan saatlar, diqqət, vaxt olduqca vacib məsələdir. Eyni zamanda məzmun da vacib məsələdir, çünki hansısa sosial mediada məzmuna nə qoyuruq, bu, çox vacibdir. Məni ən çox narahat edən məsələlərdən biri məzmunumuzun çox kasadlaşmasıdır. Təəssüf ki, bu, belədir, niyə? Kasad məzmun yaratmaq asandır. Kimsə “Tiktok”da 30 saniyəlik video qoyur, buna yüz min adam baxır və ya bəyənir. Məncə, bu, bizim reallıqdır. Bu, həmişə olub. Fərq onda olub ki, əvvəl bu, kasad olub, hamının kameralara çıxışı olmayıb, hamının bunu paylaşmağa imkanı olmayıb. Bu gün bu məsələ olacaq. Amma buna rəqib ola biləcək və yaxud bunu sıxışdırıb çıxarda bilməyəcək həmin o məzmunu yaratmaq müəllimlərimizin, jurnalistimizin, vətəndaşımızın işidir. Biz başa düşməliyik ki, bu uzunmüddətdə daha çox faydalıdır, nəinki zərərlidir, yəni ki, yaxşıdır.
Dərslik prosesin çox cüzi bir hissəsidir
- Mən 71-ci ildə birinci sinfə getmişəm. Məktəbimizin içində dəhliz boyu asılmış şəkillər var idi. Yuxarıda da bir yerdə çox səliqəli şəkildə bir lövhədə yazılmışdı ki, kitablarınızı qoruyun, o sizin balaca bacı-qardaşlarınıza qalacaq. Müasir dövrdə artıq kitabları gələcək nəslə, balaca qardaşlarımıza tövsiyə etmək vaxtı deyil, sürətli dəyişən, hətta bəlkə günlük, bəlkə saatlıq dərsliklər vaxtıdır?
- Vacib məsələ dərslikdə deyil. Dərslik prosesin çox cüzi bir hissəsidir. Məsələ, daha çox valideynlərimizin də uşaqlarımıza verdiyi sual o olmamalıdır ki, onu oxuyub, yoxsa yox? Bu bizdə necə tərcümə olunur? Diplomu var, yoxsa yox? Məsələ heç də diplomda da deyil, dərsliklərdə də deyil. Məsələ nəyi bacarmaqdır, onun səriştələrindədir. Yəni, bunu dedikdə, biz nəyi nəzərdə tuturuq? Onun dəyərləri nədir? Yəni, bu uşaq dürüstdürmü, düzgündürmü, məsuliyyətlidirmi, zamanını idarə edə bilirmi. Və bacarıqlarıdır. Yəni, sizin övladınız oxuduqlarını başa düşürmu, ümumiyyətlə, oxuyurmu? Boş vaxtında mütaliə edirmi, məntiqi təfəkkürü varmı?
Məntiqi təfəkkür nə deməkdir? Məntiqi və struktur təhlil apara bilirmi, üzləşdiyi problemin müstəqil şəkildə heç olmasa bir hissəsini həll edə bilirmi, yoxsa onun yerinə kimsə həll edir. Yəni, əsas məsələlər budur. Yəni, həm bacarıqlar, həm dəyərlər, təbii ki, biliklər. Biz deyirik ki, biliklərdən bacarıqlara keçən, hərdən insanlar səhv başa düşürlər ki, artıq bilməyə ehtiyac yoxdur. Yox, belə deyil.
- Yəni, bilik bacarığın birinci mərhələsidir...
- Bəli. İnsan nəyisə bilməlidir, biliklərə əsaslanıb nəyisə bacarmalıdır. Söhbət bundan gedir. Dərsliklər bu dediyimiz formulada həddindən artıq çox kiçik bir təsirə malikdir. Sadəcə olaraq dərsliklərlə bağlı danışmaq asandır. Çünki dərslikdə hərf səhvi tapıb onun şəklini çəkib sosial mediada qoymaq asandır.
Təhsil Nazirliyi üçün dərsliyin müddəti, məzmunu barədə ictimai müzakirə daha çağırışlıdır
- Bəs, dərsliyin müddəti necə olmalıdır, dəyişməlidirmi? Çünki informasiya dəyişir, çox ciddi şəkildə, sürətlə dəyişir. Günün birinci hissəsində dəbdə olan informasiya günün sonunda sıradan çıxır. O vaxt qalın cildli kitablarda yazılırdı kitab qardaşım üçündür, artıq bu qardaşım üçün deyil...
- Söhbət ondan gedir ki, dərslik nədir? Dərslik oxunmursa, bəs niyə onda çap olunur? Dərsliyin mahiyyəti ondan ibarətdir ki, bu, minimaldır, bu gün hər bir Azərbaycan vətəndaşına dövlət ödənişsiz, pulsuz olaraq dərsliklər verir. Yəni, dərsliklərdə yazılan informasiya minimalsa, uşağın internetə çıxışı yoxdursa, ümumiyyətlə, heç nə yoxdursa, heç olmasa dərslikdəki məlumatı öyrənmək imkanı olsun. Yəni, bu gün dərsliyin məqsədi müəyyən mənada budur. Amma dərslik maksimal deyil, dərslik limitləşdirici deyil, məhdudiyyət də yaratmır. Fürsətdən istifadə edərək vurğulayım ki, problemin müzakirəsində bir aysberq yanaşması var. Nədir bu? Aysberqin görünən tərəfi və alt tərəfi var. Onun görünən tərəfi altından çox kiçikdir. Məsələn, dərslik məsələsi də elədir. Dərslik dedikdə, aysberqin görünməyən tərəfi barədə danışmaq istəyirsiniz mənimlə, amma biz cəmiyyət olaraq həmişə onun görünən tərəfi ilə bağlı danışmaq istəyirik. Orada nə qədər hərf səhvi var? Heç dərslikdə də qramatik səhv olarmı sualı var. Dərsliyi insanlar yazır, insanlar həmişə səhv edir. Biz il ərzində 300-ə qədər dərslik cildindən istifadə ediriksə, onların hərəsi 100 səhifədən ibarətdirsə, orada 1 və ya 5 hərf səhvi olacaq. Biz cəmiyyət, təhsil ictimaiyyəti olaraq özümüzdə müəyyən cəsarət tapıb başa düşməliyik ki, hərf səhvi olanda-olur, eybi yoxdur, amma dərsliklərin mahiyyəti nədir? Dərslikdə yazılan sabah uşağa lazımdırmı sualını eşitməyə daha maraqlıyıq. Bizim üçün bu, daha çətin sualdır. Təhsil Nazirliyi üçün dərsliyin müddəti, məzmunu, bu barədə ictimai müzakirə daha maraqlıdır və daha çağırışlıdır. Ötən əsrin 60-cı illərindən bu yana biz tədris planlarımızda hardasa bir informatika fənnini əlavə etmişik, ondan sonra müəyyən dəyişikliklər olub, Azərbaycan dili oxu ilə birləşib, buna 3 saat yox 2 saat ayırmışıq. Amma sizin keçdiyiniz fənlərlə mənim keçdiyim fənlər və bizim övladlarımızın keçdiyi fənlər eynidir. Məzmunu da demək olar ki, eynidir.
Açıq danışmağı öyrənməliyik. Məncə, ilk növbədə, riyaziyyat müəllimləri məsələ qaldırmalıdır ki, onların 70, 80, 90, 2000, 2010, 2020-ci illərdə az qala keçdiyi eyni riyaziyyat bu günləri əhəmiyyətini saxlayırmı, yoxsa yox?. Mən demirəm saxlamır. Çünki mən bu sualın cavabını verməyi düzgün hesab etmirəm. Amma gəlin bu müzakirəni edək - sual verək, məktəblərdə triqonometrik bərabərsizliklər keçirilir. Biz onu niyə keçirik? Reallıq budur ki, uşaqlarımızın 90 faizi bunu mənimsəmir. Yəni, bu, faktdır. Bir cavab budur ki, sizə görə günahı öz boynuma götürsəm, bunu öz boynuma götürsəm, uşaqlar yenə mənimsəməyəcək, çünki 10 il bundan qabaq da, 20 il bundan qabaq da mənimsəməmişdi. Bu problemi qəbul edib ona cavab vermək daha çətindir. Aysberqin görünməyən tərəfidir. Nəinki dərslikdə olan hərf səhvlərindən illər boyu danışmaq.
Biz illər boyu dərsliklərin formatından danışırıq, amma mahiyyətindən danışmalıyıq. Məzmuna keçdikdə dərsliyin nə dərəcədə cüzi təsiri olan dediyim o minimum məzmundan o tərəfə olmayacağı ilə bağlı məncə nəticəyə gəlib çıxmaq məntiqli olacaq. Biz yeni məzmun görəcəyik. Burada gördüklərimiz yeni məzmundur. Bunu dərsliyə necə yazmaq olar. Yeri gəlmişkən, bunun təsvirini verim. Təsvir bundan ibarətdir ki, çox hallarda burada tədris necə baş verir. Burada gördüyümüz kimi tank var, təyyarə, eynək var və s. Məsələ belə qoyulur - verilmiş materialdan necə hərəkət edə bilən bir maşın düzəltmək olar? Material nədir, taxta lövhəsi. Bu qədər sadədir. Uşaq hərəkət edən bir maşın düzəltməlidir, bunun nə ölçüsü, nə forması verilmir. Uşaq özünün təxəyyülü, öz dostu ilə müzakirədə müəyyən etməlidir - maşın necə olmalıdır? Maşının hərəkət etməsi üçün onun kütləsi nə qədər olmalıdır? Ağırdırsa onu irəli aparan batareyanın gücü çatmayacaq. Yüngül, çox yüngüldürsə nəyəsə toxunsa daha tez sına bilər. Bu mənada burada ölçmə də fərqlidir, məsələn, bu meyara əsaslanır ki, kimin düzəltdiyi maşın A nöqtəsindən B nöqtəsinə daha tez çatacaq. Burada A, B, Ç, D və s. kimi bəndlərdən hansı biri doğrudur kimi məsələ, eləcə də iki dəfə səhv edəndə bir düz cavab yanır kimi bir şeylər də yoxdur. Bu, bizdən zaman alacaq.
Bizim xeyli zamana ehtiyacımız var və eyni zamanda zamanımız elə də çox deyil. Ona görə də bu proses barədə, hansısa bir formada bu fikirlərin metodiki, pedaqoji nöqteyi-nəzərdən ictimai müzakirəsi olduqca vacibdir. Və mən müəllimlərin də bu müzakirələrdə iştirakını yaxından dəstəkləyirəm, istərdim ki onlarla birlikdə müzakirələr aparaq.
Bir neçə istiqamətdə yeniliklər etməyə çalışırıq
- Təhsil naziri təyin olunduqdan bu vaxta kimi həyata keçirmək istədiyiniz işlər, proseslər necə gedir?
- Bu proseslər yaxşı gedir. Bir neçə istiqamətdə yeniliklər etməyə çalışırıq ki, bu sürət məsələsinə təkan verək. İlk növbədə, ölkə rəhbərliyinin qarşımızda qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq yeni ixtisaslar məsələsi gündəmdədir. Biz növbəti ildə uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni ixtisaslar - IT, kibertəhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma kimi 7 müxtəlif istiqamətdə yeni ixtisasları vermək istəyirik. Düşünürəm, bu, ilk iş olacaq, başqa bir istiqamət hazırda peşə təhsili ilə bağlıdır. Çünki peşə təhsilinin həm nüfuzunun qaldırılmasında, həm də peşə təhsilinin insanlarımız üçün necə faydalı olması istiqamətində işlərimizi davam etdiririk. Həm qısamüddətli kursların hazırlanmasını həyata keçirmək, həm də sentyabrdan təxminən 600 şagirdə yüksək peşə ixtisası deyilən, STEAM- təhsili də özündə əks etdirən modellər üzərində yeni peşə ixtisaslarını vermək istəyirik. O cümlədən ümumi təhsildə, bilirsiniz ki, çox çətin, həm müəllimlər, həm şagirdlər, həm valideynlərimiz üçün bir vəziyyətlə üz-üzəyik. Amma biz buna çağırış olaraq baxırıq, bayaq qeyd etdiyim bir həftədə verilən 6 milyon dərsi, bir milyondan artıq şagirdi, 100 mindən artıq müəllimi əhatə edirik. Bir məlumatı deyim, Microsoft sistemində Azərbaycanın virtual platforması ən böyükdür, yəni, bundan böyük heç bir ölkədə böyük virtual məktəb yoxdur, ayrı-ayrı məktəblər nəsə edib, lakin vahid milli təhsil sistemi olaraq vahid bir platformada insanların ortaya gətirilməsi və onların arasında əlaqələrin qurulması baxımından Azərbaycan təhsili 10, 11 ayda çox vacib bir nəticəyə gəlib çıxıb. Bu, Azərbaycan müəllimimin böyük uğurudur. Azərbaycan şagirdinin, valideyninin bütün giley-güzar, narazılıq-narahatlığa baxmayaraq, yəni, həqiqət bundan ibarətdir ki, bir milyondan artıq insanın vahid şəbəkədə olması böyük bir resursdur. Bayaq dediyim kimi, biz həmin müəllimlərin fəaliyyətini qiymətləndirə bilirik, bizdə 100 mindən artıq müəllimin elektron dərsi var, onları ilk dəfə görə bilirik. Təsəvvür edə bilirsinizmi, nazirlik əməkdaşı üçün hər bir müəllimin dərsini dinləmək üçün neçə kilometr məsafə qət edib hansı yerlərə getmək lazımdır. İndi hamının da olmasa, 70 faiz müəllimin dərsi var bizdə, onu müvafiq şəkildə təhlil etsək, yeni üfüqlər yaranır. İxtisas artırma təlimləri, müəllim hazırlığının yeni meyarları, o cümlədən milyona yaxın şagirdimizin dərsdə davranışını görmək imkanımız yaranır. Bu davranışın elektron ölçülə bilən kəmiyyət göstəriciləri var əlimizdə, yəni, şagirdlər nə qədər dərsdə oturur, nə qədər oturmur, hansı elektron vasitələrdən istifadə edirlər, daha çox hansı məlumat sistemlərindən istifadə edirlər və s. Dediyim kimi, məlumatların idarə edilməsi çox vacibdir. Məqsəd həmin məlumat sistemi qurmaq deyil. Məqsəd məlumatları təhlil edib yeni növbəti mərhələyə keçiddir. Amma onu da qeyd etməliyəm ki, birmənalı şəkildə məsələnin bir psixoloji tərəfləri də var.
Bizim məktəb, bizim müəllimlər yeni bir reallıqla üz-üzədir
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun qazandığı qələbə təhsilimiz üçün də yeni üfüqlər açır. Çünki bu, artıq rəqəmsallaşma yox, mənəvi inkişafdır. Bizim məktəb, bizim müəllimlər, bizim təhsil işçimiz artıq yeni bir reallıqla üz-üzədir. Artıq o şagirdə qələbə qazanmış xalqın bir müəllimi kimi tədris prosesini qura bilir. Bu nemətlər, dəyərlər də təhsilimizə yeni üfüqlər açır. Bunu mən planlaşdırmamışam, təhsil sistemi olaraq onlardan da faydalanmağı düşünürük.
İnanıram ki, qələbə və zəfərlərimizdən sonra Azərbaycan vətəndaşının bu məqamda yeni nəslinin hazırlanmasında bütün zəruri münbit şərait yaranıb.
- Cənab nazir mən sizə təşəkkür edirəm. Düşünürəm ki, biz uzun müddət ərazi bütövlüyümüz pozulmuş bir xalq olduğumuzdan müəyyən komplekslərimiz vardı və biz ərazi bütövlüyümüzün pozulması dedikdə gözümüz önünə 20 faiz işğal olunmuş ərazilərimiz gəlir. Görmüşəm ki, biz insan olaraq da ərazilərimizin 20 faizindən məhrum idik. Artıq biz 100 faizik və heç şübhəsiz ki, tamaşaçımız, dinləyicimiz bizdən 100 faizlik nəticə gözləyir. Başqa bir yolumuz da yoxdur və uğurlar arzulayıram. 100 faizlik nəticəyə doğru irəli.
- Təşəkkür edirəm, sağ olun.
- Mən təşəkkür edirəm!