Gəncə Dövlət Universitetində (GDU) “Nizami Gəncəvi və Dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Onlayn konfransda Avropa universitetlərində magistr təhsili alan alman, avstriyalı  və azərbaycanlı tələbələr  iştirak ediblər.

 

Millət vəkili, GDU-nun elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident Sərəncamını konfrans  iştirakçılarının  nəzərinə çatdıraraq bildirib ki, mövzu ətrafında xarici universitetlərlə də  birgə tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Daha sonra  Almaniya WayhenştefanTrizdorf Universitetinin magistr tələbəsi Zamil Həsənov dahi şair N.Gəncəvinin həyatı və əsərləri haqqında qonaqlara geniş məlumat verib.

 

GDU-nun İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin əməkdaşı, Almaniya Ausburg Universitetinin doktorantı Maqsud Vəliyev Nizaminin dünya mədəniyyətinə bəxş etdiyi zəngin ədəbi irsdən və verdiyi töhfələrdən danışıb.

 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Səkinə Tağıyeva isə N.Gəncəvinin bəzi şeirlərini alman dilində səsləndirib.

 

Tədbir çərçivəsində Nizami irsindən bəhs edən videoçarx da nümayiş olunub.

 

Qonaqlardan almaniyalı Johanna Müller, Michael Wasser, Baguma Solomon, avstriyalı Lyli Scholz, Rachel Mahunde Nizami irsi ilə tanışlıqdan məmnun olduqlarını söyləyiblər.

 

Qeyd edək ki, konfrans Azərbaycan və alman dillərində keçirilib.