Bəs pandemiyadan necə çıxır?


Son illər dünyanın mötəbər elm müsabiqələrində ölkəmizi layiqincə təmsil edərək Vətənə medallarla dönən gənclərimizin sorağı nüfuzlu universitetlərdən gəlir. Onlardan biri də müxtəlif səviyyəli beynəlxalq olimpiadalarda medal qazanan,  elm yarışlarında yaşının üstünə yaş artıran, bir az da mübaliğəli desək, olimpiadalarda böyüyən, hazırda Cənubi Koreyanın Qabaqcıl Elm və Tədqiqatlar İnstitutunda (KAIST) təhsil alan  Turan Məmmədlidir. 

 

Onu həm də vətənpərvərliyinə görə də tanıdıq. Taylandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında T.Məmmədli  Ermənistan bayrağına etiraz jesti nümayiş etdirməsi ilə yaddaşlarda qalıb. 

 

Olimpiada  sınaqlarından qalib kimi ayrılan gənc tələbə ali təhsil həyatının birinci ilində pandemiya sınağından necə çıxır bəs? İstedadlı tələbəmizlə söhbətdə buna aydınlıq gətirməyə çalışdıq.

 

Əvvəlcə tanıtım:

2000-ci il yanvarın 14-də Xızı rayonunun Giləzi kəndində ziyalı ailəsində anadan olub. 2007-ci ildə Giləzi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildən 2013-cü ilə qədər təhsilini Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən 1 nömrəli orta məktəbdə davam etdirib. Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot sinifində təhsil alıb. 2015-ci ildə respublika fənn olimpiadasında qızıl, 2016-cı ildə gümüş, 2017-2018-ci illərdə isə qızıl medal qazanıb. 2016-ci ildə İndoneziyada keçirilən İJSO Beynəlxalq Fənn Olimpiadasında və 2017-ci ildə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında bürünc medallara  layiq görülüb. 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc, 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında isə gümüş medala layiq görülüb…

 

- Pandemiya dövründə dərsləriniz necə keçir? Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?

- KAİST-də  dərslər  artıq 2 semestrdir (yaz və payız) ki, onlayn  keçirilir. Dərslərin çoxu Zoom proqramı vasitəsilə canlı baş tutur. Bəzilərində isə professorlar  öz  mühazirələrini videoya çəkir  və  materialı  KAIST-in özəl dərs saytına qoyur. Bəzi professorlar isə canli dərs üçün başqa  proqramdan (youtube, etc) istifadə edir. Qalan dərslərdə isə professorlar mühazirələrini  KAIST-in  dərs portallarına yükləyirlər. Sadəcə, kiçik sayda  laboratoriya dərsləri Koreyada qalan tələbələrə 3 nəfərdən ibarət qruplar olaraq offlayn keçirilir.

 

- Təhsil aldığınız universitet tələbələr üçün hansısa imkan və güzəştlər tətbiq edirmi?

- O qədər də böyük güzəştlərin tətbiq olunduğunu  düşünmürəm, çünki  dərslər eyni intensivlikdə davam edir. Sadəcə,  bəzi professorlar normal (A/B/C....F) qiymətləndirmə əvəzinə S/U qiymətləndirməsindən istifadə edir. Amma bəzi  professorlar imtahan zamanı  baş verə  biləcək potensial internet probleminin bizim qiymətlərimizə təsir edəcəyini bildirirdi.

 

İmtahanların təşkili necədir? Pandemiya professor- tələbə münasibətlərinə necə təsir etdi?

- İmtahanların da əksəriyyəti özümüzü 2 kamera ilə çəkməklə Zoom vasitəsilə  baş tutur. Bəzi professorlar isə imtahan zamanını minimuma endirərək baş verə biləcək qayda pozuntularının qarşısını almağa çalışır. Tələbələr öz  qeydlərini  professora email vasitəsilə və ya online dərsdə mesaj (chat)  ilə çatdırırlar. Tələbə   Koreyadadırsa, öncədən razılaşdırılmış müəyyən zaman ərzində professorun otağına gedib onunla  görüşmə haqqına sahibdir.

 

- Öz ixtisasınız barədə nə deyə bilərsiniz? Seçdiyiniz ixtisas sahəsi nə dərəcədə prioritetdir?

- Mənim 2 ixtisasım var- Kimya və biomolekulyar mühəndislik və kimya. Hazırda daha çox üstünlük  verdiyim ixtisas  Kimya və biomolekulyar mühəndislikdir.  Bu sahənin  bütün dünyada indi çox  prioritet olduğunu düşünürəm.  Koronavirusa qarşı vaksin  hazırlanması və Elon Muskun bu yaxınlarda “Carbon capture”  texnologiyalarına böyük investisiya ayırması bunun əyani sübutlarıdır.

 

- Universitetdə olimpiada təcrübəsi varmı və varsa, maraq göstərirsinizmi? Ümumiyyətlə, tədqiqatlara marağınız varmı?

- Universitetimizin başqa ali məktəblərlə keçirilən robot yarışları və elmi konfransları haqqında məlumatlı olsam da, KAIST-in universitet olimpiadalarında iştirakı barədə informasiyam yoxdur. Tədqiqatlara marağım var, son qış tətilində kimya mühəndisliyi, yay tətilində isə kimya laboratoriyalarında tədqiqatlarda iştirak etmişəm. Qeyd etmək istərdim ki, tədqiqatlarda iştirak etmək üçün prosedur məşğul olduğun sahəni bəyəndiyiniz professora mail vasitəsilə yazmaqdan və professordan müsbət cavab almaqdan ibarətdir.

 

Oruc MUSTAFAYEV