Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının müvəffəqiyyətlə başa çatması və növbəti semestrə hazırlıqla bağlı ali məktəbin pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.

 

MDU-da bütün struktur bölmələrin yaz semestrinə tam hazır vəziyyətdə olduğunu diqqətə çatdıran Ş.Bayramov tədris və təlim-tərbiyə prosesinin distant təşkili qaydalarından, elektron tədris resurslarının, xüsusilə videodərslərin təkmilləşdirilməsi, bazasının genişləndirilməsi və tələbələrə çatdırılması işlərinin davam etdirilməsindən danışıb.

 

Mövcud vəziyyətlə əlaqədar olaraq tələbələrə münasibətdə fərdi və həssas yanaşmanın zəruriliyindən bəhs edən rektor dərsə davamiyyət, biliyin qiymətləndirilməsi, kollokviumlar, sərbəst işlərin yazılması və digər məsələlərlə bağlı tövsiyələr, tapşırıqlar verib.

 

Sonra tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə işin təkmilləşdirilməsi, elmi fəaliyyətin həvəsləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Universitetdən bildirilib ki, 16 fevral 2021-ci il tarixindən başlayan cari tədris ilinin yaz semestri üçün bütün hazırlıq işləri görülüb. İlkin vəziyyətin qiymətləndirilməsi, mövcud problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması məqsədilə MDU-da semestr qabağı ənənəvi olaraq professor-müəllim və tələbə heyəti ilə görüşlər keçirilir.