Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının gənc müəllimi Rübabə İmamquliyevanın ilk fərdi yaradıcılıq sərgisi keçirilib.
İnstitutun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov bildirib ki, bu gün ölkəmizdə gənclərə böyük diqqət və qayğı göstərilir, onların fəaliyyəti, yaradıcılığı yüksək qiymətləndirilir. Rektor əlavə edib ki, hazırkı sərgi də məhz gənc əməkdaşların yaradıcılığının işıqlandırılmasına, kafedranın fəaliyyətinin müsbət təsirinə hesablanıb.
İncəsənət kafedrasının müdiri, əməkdar rəssam Həbibə Allahverdiyeva isə qeyd edib ki, bu sərgidə gənc rəssamın həm rəngkarlıq və qrafika, həm də dekorativ tətbiqi sənət əsərləri yer alıb:”R.İmamquliyeva təsviri incəsənətin bir çox janrlarına müraciət edib. Burada portret, natürmort, kompozisiyalar, muncuqlu tikmə, qurama və s. əl işləri diqqətə layiqdir. Onun yaradıcılığında mövzu baxımından Naxçıvan, Qarabağ, milli- mənəvi dəyərlər ön plandadır. Vətənimizin təbii gözəllikləri, tarixi yerləri, tarixi-memarlıq abidələri, qədim məişət əşyaları, bir-birindən gözəl, əlvan naxışlı xalçalar öz əksini tapıb”.
Tədbirdə həmçinin, Xalq rəssamı, professor Hüseynqulu Əliyev, İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova və digərləri R. İmamquliyevanın rəng koloritinin zənginliyi, isti və soyuq rənglərin harmoniyası, qalın rəng yaxmaları ilə özünəməxsus işləmə texnikasından bəhs edərək gənc rəssama uğurlar arzulayıblar.
Sonda müəllif sərginin təşkilinə, göstərilən diqqətə görə münnətdarlığını bildirib.