Fevralın 8-dən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən, müstəqil tədris binası və əlverişli maddi-texniki bazası, dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində aşağı yaş qrupları (I-IV siniflər) üzrə dərnək məşğələlərinin həftədə 2 dəfə olmaqla ənənəvi formada tədrisə başlanılıb.

 

3 nömrəli Uşaq Gənclər İnkişaf   Mərkəzin fəaliyyətinə aid olan rəsm, rəqs, robototexnika, əl işləri, teatr dərnəklərində dərslər başlayıb.  Mərkəzin direktor müavini Gülşən Dadaşova bildirib ki, ənənəvi dərslərin uşaqların qavraması baxımından rolu və əhəmiyyəti böyükdür: “Bu məqsədlə sevinirik ki, dərslərə həftədə iki dəfə olmaqla  davam etdirəcəyik. Üzərimizə düşən vəzifələrdən biri də qaydalara çox ciddi şəkildə əməl etməkdir”.

 

Mərkəzin rəsm müəllimi Nərmin Abdullayeva da dərslərin açılmasının  əhəmiyyətindən danışıb. “Biz indi ənənəvi dərslərimizə başladıq. Uşaqlar da çox sevinirlər, elə biz də. Məsuliyyətli olmalıyıq ki, bir daha ənənəvi dərslərimiz bağlanmasın. Tələb olunan qaydalara əməl etməliyik”.  

 

Dərslərin başlanmasında uşaqlar da çox məmnundurlar. Neçə aylardır, yalnız onlayn şəkildə yoldaşları və müəllimləri ilə görüşən şagirdlər üçün, əlbəttə ki, canlı tədris mühiti dostluq, emosional bağların möhkəmlənməsi baxımından əvəzsizdir.

 

İndiki çətin pandemiya şəraitində təhsil mühitində çalışanlarla yanaşı, valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Övladlarının gigiyenik qaydalara riayət etməsi, virusun fəsadları, insanlara, yoldaşları ilə münasibəti baxımından maarifləndirilməsi vacibdir. Çətinliklərə baxmayaraq valideynlər də ənənəvi təhsilin qismən də olsa bərpasına, övladlarının məşğələlərə canlı qatılmasına məmnunluqlarını ifadə ediblər.

 

Rəşad ZİYADOV