Oruc Əhmədov: “6 yaralı ilə şəhid vermədən, düşməni məhv edib kəndi azad etdik”
Vətən müharibəsinin növbəti qəhrəmanı Quba rayonunun dəniz səviyyəsindən 1700-1800 metr yüksəklikdə yerləşən Əlik kəndindəki ümumi orta məktəbin coğrafiya müəllimidir: Oruc İsmət oğlu Əhmədov. Təhsil sistemində qısa müddətdə yaxşı müəllim kimi tanınıb. Peşəkarlığı və şəxsi keyfiyyətləri ilə diqqəti cəlb edib. 2019-cu ildən karyera pilləsində də yüksəlməyə başlayıb.
Kəndin gənc direktoru
Bunun üçün ona 2019-2020-ci tədris ilindən bir şans verilib. Əlik kənd ümumi orta məktəbinin direktoru vəzifəsinin icrası müfəqqəti olaraq ona tapşırılıb. Rəhbərlik etdiyi məktəb şəhid Rəhman Mançarovun adını daşıyır. 40-50 şagirdə 12 nəfər müəllimlə sərt qış, çətin şərait, bəzən 1 metrədək yağan qara rəğmən təhsil verməyə çalışır. Şagirdlərinə, sadəcə kitabı və coğrafiyanı yox, həm də şahmatı sevdirib. Dediyinə görə, şagirdləri çox istedadlıdır. Hər birinin xüsusi bacarığı var. Onların toxuduqları xalça və corablardan, taxtadan düzəltdikləri əsyalardan ibarət güşə belə yaradıblar. Məktəb ərazisində şagirdləri ilə ağac əkməyə başlayıb. Sonradan bu iş o qədər genişlənib ki, indi kənddəki hər evdə onların əkdiyi ağac var.
Hərb meydanına doğru addım-addım
Oruc müəllim gənc direktorlardandır. Cəmi 30 yaşı var. 1991-ci ildə Quba rayonunda doğulub. İşlədiyi Əlik kəndindən 50 kilometrədək aralıdakı Bağbanlı qəsəbəsində. Qəsəbədəki Rövşən Mütəllimov adına tam orta məktəbə gedib. Vətənini, milliyyətini, kimliyini məktəbdə öyrənib, soykökünü orada tanıyıb. Sonra Gəncə Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisasına yiyələnib. 2013-cü ildə universiteti bitirən kimi hərbi xidmətə yollanıb. Bugünkü kimi yadındadır həmin ilin iyul ayının 12-də hərbi xidmətə yollanmağı. Deyir ki, Bakıdakı hərbi hissədə biraylıq xidmətdən sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabitlik kursuna imtahan verib və qəbul olunub: “Çox həvəslə oxudum kursu. Müvəffəqiyyətlə bitirib leytenant hərbi rütbəsini aldım və təyinatla Tərtər rayonunda xidmətə başladım”.
Vətənini müdafiə etmək, sərhədlərinin hər qarışına sahib çıxmaq istəyi ilə cəmi 3 ay ehtiyat taborda qalıb. Sonra öz istəyilə xidmətini Tərtər rayonu istiqamətində ön xətt postlarından birində davam etdirib. 2015-ci ildə hərbi xidmətini başa vurub və ehtiyata buraxılıb.
Ürəyi “Aprel döyüşçüləri” ilə bir döyündü
Aprel döyüşləri başlayanda ürəyi qaynar nöqtələrdə atıb. Dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşlərə qatılmaq istəyini bildirib. Ancaq müsbət cavab almayıb. O da başqa yola əl atıb: “Hərbi xidmət keçdiyim bölmə ilə mütəmadi əlaqə saxlayırdım. Fiziki cəhətdən yanlarında ola bilmədim, heç olmasa, mənən olum dedim. Tez-tez danışıb ürəyimin onların yanında olduğunu bildirirdim”.
Bu dəfə Vətən özü çağırdı
2020-ci ildə yeni tədris ili COVİD-19 həyəcanı ilə başlamışdı. Məktəblərin açılmasıyla şagirdlərinin sağlığını təhlükəyə atmadan təhsil hüququnu necə təmin edəcəyini düşündüyü bir vaxtda Oruc müəllim də çağırış alıb. Canla-başla vətənin bu çağırışına hay verib və Cəbrayıldan başlayan yolu Füzuli, Xocavənd, Hadrut qəsəbəsinədək uzanıb. Döyüşdən-döyüşə, qələbədən-qələbəyə atılıb ta oktyabrın 13-nə qədər. Hadrut yaxınlığındakı Pirəhmədli kəndində yaralanması ilə döyüşə ara verib.
Mərmi o qədər yaxından keçdi ki...
Yaralandığı o döyüşdən danışarkən yenə həyəcanlanır. Ancaq düşdüyü hər çətin vəziyyətdə yenə şansı ona yar olub, cəmi bir neçə millimetr məsafə ilə ayırıb onu ölümdən: “Yüksək rütbəli zabit heyəti ilə növbəti döyüş əməliyyatını yerinə yetirmək üçün taktiki döyüş planı tərtib etməli idik. Əraziyə baxış keçirdikdən sonra döyüşün əməliyyat planını hazırladıq. Plana görə, rəhbərlik etdiyim bölmə mərkəzdən həmlə edəcək, digər iki bölmə sağdan və soldan bizə dəstək olacaqdı. Kənd çökəklikdə olduğundan mövqelərimiz düşmən qüvvələrinin yerləşdiyi ərazi ilə müqayisədə aşağıda idi. Düşməni məhv etmək üçün isə mütləq kənddən keçməliydik. Bu coğrafi mövqe döyüşün bizim üçün asan olmayacağını göstərirdi. Sayımız da az idi, cəmi 17 nəfər. Kəndə rahat daxil olsaq da, orda şiddətli minamyot atəşinə məruz qaldıq. Bir saatdan çox davam edən mərmi yağışı altında mövqeyimizi möhkəmləndirməyə çalışdıq. Eyni zamanda düşmənə zərbə endirmək, bu atəşi susdurmaq üçün də tədbir görməliydik. İki hissəyə bölündük. Hücum əsnasında bir snayper gülləsindən yan keçdim. Az qala boğazımdan dəyəcəkdi. Mərmi o qədər yaxından keçdi ki, onun istiliyini hiss etdim. Qarşımıza qoyduğumuz hədəfə az qüvvə ilə, özü də itkisiz nail olaraq əvvəlcədən təyin olunmuş yerə çata bildik”.
Ancaq bu mövqe də təhlükəsiz deyildi. Düşmənin atəş altında saxladığı həmin mövqedən də hərəkətə başlayıblar: “10-15 metr irəliləmişdik ki, qrupumuzdan iki əsgərimiz yaralandı. Əsgərlərim yeni təyin edilmiş daha təhlükəsiz yerə keçdikdən sonra mən də yerimi dəyişmək istədim. Lakin bu dəfə ayağımdan yaralandım. Səhər saat doqquzdan axşam saat altıya qədər şiddətli döyüş getdi. Mən də, yaralı yoldaşlarım da, elə yaralı-yaralı döyüşdük. Yaramın ağrısını, demək olar ki, hiss etmirdim. İki gün ərzində gərgin döyüş getdi. 6 yaralı ilə şəhid vermədən, düşməni məhv edib kəndi azad etdik”.
Hərbi formasında qalan güllə izləri
Yaralandıqdan sonra da 2 gün döyüşü davam etdirib. Bundan sonra 15 gün davam edən müalicəsi başlayıb: “Yaralandıqdan sonra məni Beyləqan Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Orada 5 gün qaldım. Həmin vaxt döyüş xəttinə yaxın bütün rayon xəstəxanaları, o cümlədən Beyləqan Mərkəzi Xəstəxanası da hərbiləşdirilmisdi. Buradakı müalicəmi yarımçıq qoyub döyüşə qayıtmaq istəyirdim. Ancaq buraxmadılar. Əksinə, məni Füzuli rayon Diaqnostika Mərkəzinə göndərdilər. Müalicəm 10 gün davam etdi. Nəhayət, 15 gün sonra sağalıb cəbhəyə qayıtdım”.
Oruc müəllim də Hadruta çataçatda yarımçıq qalan döyüş yoluna Xocavəndin Zoğalbulaq kəndindən davam edib. Böyük qələbədən sonra, ötən il dekabrın 31-də müvəqqəti çağrıldığı ordudan tərxis olunub”.
Oruc müəllim “Döyüşlərdə, ümumilikdə, altı dəfə düşmən hədəfindən yayınmışam. Hərbi formamda qalan güllə deşikləri mənə bu müharibədən qalan ən böyük xatirədir”, - deyir. Döyüşdə tuş gəldiyi, ancaq yara almadan yayındığı həmin izlər ölümün saya bildiyi cəhdləridir: “Bir dəfə güllə tapançama dəydi. Tapançamın dəstəyi dağılaraq tamamilə yararsız hala düşdü. Sonrakı döyüşlərdə güllə formamı müxtəlif yerlərdən deşərək keçmişdi”.
Hər birimiz şəhid olmağa hazır idik
Qəhrəman müəllimimiz deyir ki, ətrafda uçuşaraq öz qurbanını axtaran mərmilər, qulaq batıran partlayış səsləri sonradan adiləşir: “Hər əməliyyatdan öncə bir-birimizlə halallaşırdıq. Döyüşdən əvvəl şəhid xəbərimizin çatdırılacağı yaxınlarımızın adını və telefon nömrəsini silahdaşlarımıza verirdik. Şəhid olmaqdan heç kəs qorxmurdu. Hər birimiz buna hazır idik”.
Şəhidliyə nə qədər hazır olsalar da, arxada qalanlar da onlar üçün vətən qədər əziz olanlardır, axı. Oruc müəllim də “Vətən” deyib yola çıxanda arxasında bir cüt göz qoymuşdu. O, ön cəbhədə vətəninin sərhədlərini bərpa etməyə başlayanda arxa cəbhədə də gözləyənlərinin sayı artmışdı. Oruc müəllimi artıq iki cüt göz gözləyirdi: “Mən müharibədəykən övladım dünyaya gəldi. Bircə arzum vardı: övladımı bir dəfə də olsa, görüm. Ondan sonra şəhid olsam da, gözüm arxada qalmazdı”.
Taleyin ona ən böyük mükafatı o oldu ki, gözü arxada qalmadı və evinə bir müharibə veteranı, qəhrəman olaraq qayıdaraq ilk körpəsini bağrına basıb gözlərindən öpə bildi. Müharibədəki qəhrəmanlığı da mükafatsız qalmadı. Dediyinə görə, döyüşdən qayıtdıqdan sonra ona göndərilən siyahıda tam 6 medalı olduğu qeyd edilib. “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Füzulinin azadlığı uğrunda”, “Cəbrayılın azadlığı uğrunda”, “Xocavəndin azadlığı uğrunda” və “Müharibə iştirakçısı” medallarının sahibidir.
Yeni POLADlar yetişir
Qəhrəman atanın qəhrəman adı daşıyan oğlu. Hələ çox balacadı. Atasının keçdiyi qəhrəmanlıq yolundan xəbərsiz böyüyür. Hələ daşıdığı adın məsuliyyətini, ağırlığını da hiss etmir.
“Milli Qəhrəmanımız Polad Həşimovun şərəfinə övladıma Polad adını vermişəm” - deyən atanın gözlərindəki atəş dünyaya yenicə gələn balasının necə yetişdiriləcəyi barədə indidən qəti fikir yürütməyə tam imkan verir. Əslində, Poladı yaşatmaq, ona olan ehtiramını göstərmək üçün verib o adı körpəsinə. Amma həm də o ümidlə ki, oğlu da adını daşıdığı general kimi qəhrəman olsun. Əməlləri ilə könüllərdə taxt qursun. Bu istəyin reallaşacağına gəlincə. Ailədə qəhrəmanlıq nağılları yox, xatirələri dinləyən bir oğulun qəhrəman olacağına nə şübhə?!
Elə Əlik kənd məktəbinin divarları, sinif otaqları, gənc direktorunun gözlərindəki işıq, ürəyindəki vətən eşqi də təhsil ocağında yetişən nəslin general Polad Həşimovun davamçıları olacağına şübhə yeri qoymur.
Ruhiyyə DAŞSALAHLI