İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri ilə tanış olublar.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı tamaşa nümayiş olunub.
Sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında musiqi proqramı təqdim edilib.
Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb.
Tədbirin sonunda tələbələrə diplomlar təqdim olunub.
Təhsil Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə təşkili olunmuş festivalın ilk günü - iyunun 10-da İçəri Şəhərdə Qoşa Qala qapısı meydanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında tədbirlər keçirilib.
Tədbirdə SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrinin nailiyyətləri nümayiş olunub. Həmçinin tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etmək və milli mədəniyyətimizi təbliğ etmək məqsədi ilə canlı tamaşalar göstərilib, klassik musiqi əsərləri ifa olunub, rəssamlıq, keramika, xalçaçılıq, qobelen və dizaynla əlaqədar SABAH tələbələrinin nailiyyətləri təqdim edilib.
Festival çərçivəsində incəsənətin müvafiq sahələri üzrə ustad dərsləri də keçirilib.