Fevralın 10-da SABAH V Karyera Qış Məktəbinin açılış mərasimi keçirilib.

 

Onlayn təşkil edilən tədbirdə təhsil naziri Emin Əmrullayev, Milli məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və IV kursda təhsil alan SABAH tələbələri iştirak ediblər.

 

Təhsil naziri Emin Əmrullayev məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.

 

Milli məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüb.

 

SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev öz növbəsində SABAH Karyera Akamediyası haqqında məlumat verib.   

 

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, SABAH Karyera Akademiyası çərçivəsində 10-12 fevral tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən V Karyera Qış Məktəbinin keçirilməsi nəzərdə tutulub. Qış Məktəbində IV kursda təhsil alan SABAH tələbələri, SABAH mərkəzi əməkdaşları, SABAH qrupları layihəsi ilə tərəfdaşlıq edən qabaqcıl şirkət və qurumların nümayəndələri, texniki və təşkilati heyət daxil olmaqla, ümumilikdə 215 nəfərin  iştirakı nəzərdə tutulur. Qış məktəbi dövründə SABAH tələbələrinə işədüzəlmə, start-upların inkişafı/sahibkarlıq, elmi tədqiqatlar, magistratura təhsili istiqamətləri üzrə praktiki təlimlər, SABAH mərkəzlərində çalışan əməkdaşlara isə təhsilin təşkili və idarəetməsi üzrə seminarlar keçiriləcək. Qış Məktəbinin təşkilinə bir çox tərəfdaş müəssisələr (Dövlət Vergi  Xidmətinin Tədris Mərkəzi, “Azercell”, "Kapital Bank", “GoldenPay”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Horeca”, Azərbaycan İnsan Resursları Assosiasiyası) və fərdi təlimçilər yaxından dəstək göstərəcəklər.

 

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 35 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.

 

SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.