Gəncə Dövlət Universitetində (GDU) qabiliyyət tələb edən ixtisasların əyani tədris edilməsi və imtahanların gedişi ilə bağlı məsələlərin müzakirəsi üçün iclas keçirilib.

 

Online formatda keçirilən iclasda pandemiya ilə əlaqədar virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin əyani və distant formada təşkilinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

GDU-nun rektoru, professor Yusif Yusibov ali məktəbdə onlayn dərslərin və imtahanların  davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb. Rektor fakültələrdə qabiliyyət tələb edən ixtisaslar üzrə tələbələrin əyani təhsilə cəlb olunması ilə bağlı dekanlara məlumat verib.

 

Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov imtahanların keçirilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi, səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına tövsiyə edib.

 

Sonda rektor müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verib.