Naxçıvan Dövlət Universitetində (NDU) elmi əsərlərin sərgisi təşkil edilib.

 

İncəsənət fakültəsinin sərgi salonunda təşkil edilən tədbirdə professor-müəllim heyətinin kitabları, məqalələri, konfrans materialları, patentləri və tələbələrin startap layihələri nümayiş olunub.

 

NDU-nun rektoru Elbrus İsayev qeyd edib ki, universitet hazırda 42 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Kafedra əməkdaşları 2016 - 2020-ci illər üçün universitet Elmi Şurası tərəfindən  təsdiq olunmuş layihəyə əsasən 16 elmi istiqamət üzrə elmi-tədqiqat işlərini yerinə yetirirlər. Bu elmi istiqamətlərə uyğun olaraq 280 əməkdaş 240 mövzu üzrə elmi tədqiqat işini başa çatdırıb.   

 

Bildirilib ki, universitetdə aparılmış elmi-tədqiqat işləri dövlət büdcəsindən maliyyələşdirmə və ali məktəbin öz daxili imkanları hesabına aparılıb.

 

Rektor diqqətə çatdırıb ki, professor-müəllim heyətinin apardığı elmi-tədqiqatların nəticələri əsasən universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur.

 

Məlumat verilib ki,  2020-ci ildə universitet əməkdaşlarının 5 monoqrafiyası, 1 dərsliyi, 16 dərs vəsaiti, 27 metodik vəsaiti və proqramı,  404 elmi məqaləsi və 173 konfrans materialı çap olunub.

 

Sonda universitetdə beynəlxalq indeksli jurnallarda məqalə çıxartma sayına görə fərqlənən kafedralar seçilib. İnformatika, Bələdiyyə və turizm, Biologiya kafedraları ilin kafedraları olub. Universitet tərəfindən həmin kafedralara fəxri fərman təqdim edilib.