Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin qış imtahan sessiyası çərçivəsində dördüncü “Açıq qapı” günü keçirilib. Universitetin rektoru Şahin Bayramov ali məktəbin tələbə və magistrantları ilə görüşüb.
Pandemiya şəraitində təhsilalanlarla çevik kommunikasiyanın əhəmiyyətindən danışan rektor MDU-da onlayn “Açıq qapı” günlərinin keçirilməsinin müsbət ənənəyə çevrildiyini və imtahan sessiyasının gedişatının qiymətləndirilməsində mühüm rol oynadığını bildirib.
MDU-da cari imtahan sessiyasının dördüncü həftəsi barədə məlumat verən Ş.Bayramov tələbələrin imtahanlarda yüksək fəallıq nümayiş etdirdiyini və müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.
Daha sonra tələbə və magistrantların köçürülmə, ixtisas dəyişmə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.