Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatı ilk dəfə olaraq, “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Bu barədə məlumat Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Dəmir Yumruq, Dəmir Gənclik” adlı onlayn tədbirdə elan edilib.
Eyni zamanda, MDU-nun Tələbə Gənclər Təşkilatının sədri Elmira Hüseynli ATGTİ-nin fəxri fərmanı ilə təltif olunub.
Qeyd edək ki, MDU-da tələbə gənclərin universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir.
Ali məktəbin gənc əməkdaşları, tələbə və məzunları 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində yüksək fəallıq nümayiş etdiriblər.
2020-ci ildəki nümunəvi fəaliyyətinə və xüsusi fəallığına görə respublika üzrə qalib seçilmiş 5 ali təhsil müəssisəsinin tələbə təşkilatları sırasında yer almaq MDU Tələbə Gənclər Təşkilatında minnətdarlıqla qarşılanıb.